• Təqvim

  • Maraq



Sərhəd kəndi Kəmərlidə növbəti səyyar görüş olub


Ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Respublika Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərin, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin kökündə vətəndaş amili dayanır. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı şəkildə yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. 

Qazaxda icra başçısının avqust ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Kəmərlidə olub. Avqustun 17-də Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin həyətində keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də bu məqsədi daşıdığını söyləyib.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç vaxt unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Kəmərli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 16 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 8 nəfərin, Vətən müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Kəmərli kəndindən 56 nəfərin iştirak etdiyini, onlardan 29 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 12 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şəhid olmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun, eləcə də bütün şəhidlərimizin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Kəmərli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Kəmərli kəndində əkin sahəsinin 531 hektardan 770 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Kəmərli kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Kəmərli kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 13 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılmasını bu sahədə olan işlərin əyani sübutu kimi qiymətləndirib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 30 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsinin üzvü, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 20 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun bütün kəndlərində, həmçinin, Kəmərlidə SİP kabelləşmə işinin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd ağsaqqalı Rəhim Rəhimov və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini və hər zaman dəstəklədiklərini qeyd ediblər. Son illər rayonda, eləcə də Kəmərli kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 


Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə 70 ailənin yaşadığı Dəmirçilər məhəlləsinə çəkilmiş subartezian quyusunun əhalinin istifadəsinə verilməsi, 422 şagird yerlik Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin əsaslı təmir olunması, kənddə sip kabelləşmə işinin davam etdirilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş