• Təqvim

  • Maraq



Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib


İyunun 13-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. 

Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, mətbuat katibi Rafiq Rzayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, qazilər, ziyalılar, gənclər, KİV nümayəndələri iştirak ediblər. 

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr etdikləri rəsm və kitab sərgisi ilə tanış olublar. 

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini çatdırıblar. Qurtuluşdan Zəfərə doğru addımlamış qalib Azərbaycanın vətəndaşları olaraq artıq 3 ildir ki, 15 İyun – Milli Qurtuluş Gününü qürurla qeyd etdiyimizi, bu sevinci bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizə, canlarından keçən şəhidlərimizə borclu və minnətdar olduğumuzu bildiriblər. Qeyd ediblər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz bu tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Milli Qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Vurğulayıblar ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. 

Aparıcılar dahi şəxsiyyət Heydər Əliyevin bütün sahələrə olduğu kimi, milli adət-ənənələrimizə, mənəvi dəyərlərə, ailə dəyərlərinə həmişə xüsusi önəm verdiyini də diqqətə çatdırıblar. Qeyd ediblər ki, biz bunu əyani olaraq 19.03.1999-cu ildə Biləsuvar rayonunda məcburi köçkün şəhərciyində 2 gənc cütlüyün toy mərasimində iştirakından görmüşük. Ulu Öndər həmin mərasimdə çıxış edərək ailə quran gənclərə öz tövsiyəsini verərək demişdi: “Biri-birinizi sevin, biri-birinizə sədaqətli olun, valideynlərinizi unutmayın, torpağımıza, ölkəmizə, dövlətimizə sədaqətli olun!”.

Aparıcılar Ulu Öndərin bu təşəbbüsünün Qazax rayonunda rayon rəhbərliyi tərəfindən davam etdirildiyini söyləyiblər. Əvvəlki illərdə olduğu kimi, bu gün də hər kəsin iştirakı ilə cütlüklər Qazax şəhər sakini, Vətən müharibəsi iştirakçısı, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Tağıyev Anar Möhsüm oğlu ilə Qurbanova Minayə Şöhrəddin qızının nikah mərasiminin keçirildiyini qeyd ediblər. 


Bəli, bu gün Qazaxda əlamətdar bayram tədbirində həm də yeni bir ailənin təməli qoyulub. Vətən müharibəsi iştirakçısı Tağıyev Anar Möhsüm oğlu Qurbanova Minayə Şöhrəddin qızı ilə nikaha daxil olub. Hər kəsin, rayon rəhbərliyinin şahidliyi ilə yeni qurulan ailənin ünvanına xoş sözlər, təbriklər səslənib. Nikahı rəsmiləşdirən Qazax Rayon Qeydiyyat Şöbəsinin rəisi Məsumə Səmədova yeni ailə quran gənclərə ailə xoşbəxtliyi, səadəti arzulayıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni ailə həyatı quran gənclərə səmimi ürək sözlərini çatdırıb, belə xoş günün bütün qazilərimizə qismət olmasını arzulayıb, onlara hədiyyəsini təqdim edib.


Aparıcılar bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətdir. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevirildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Vurğulayıblar ki, bildiyiniz kimi, Ulu Öndər 1971, 1979, 1998-ci illərdə Qazax rayonuna səfər etmiş və qazaxlılara dəyər verərək demişdir: “Siz əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz, bütün Azərbaycan xalqının dayağısınız!”. 

Aparıcılar bildiriblər ki, illər keçdikcə Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu ki, bunlar da bütövlükdə, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. 


Qeyd ediblər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bir neçə il öncə məhz Ulu Öndərin adını daşıyan parkda “Ordumuz qürurumuz, xalqımız dayağımız” adlı vətənpərvərlik tədbiri keçirilmişdir. Həmin tədbirdə hamımızın bir arzusu vardı. İşğalda olan torpaqlarımız azad edilsin və orada belə möhtəşəm konsert tədbiri keçirilsin. Şükürlər olsun ki, ulu tanrı başda Ali baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli ordumuzun sayəsində bu istəyimizi yerinə yetirdi. Biz artıq burada, eyni zamanda, Şuşada, Cıdır düzündə zəfər konsertləri, bayram konsertləri, festivallar keçiririk. Ümummilli Lider Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətidir. Bir sözlə, O, qalibiyyət əzmiylə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. “Azərbaycan Heydər Əliyevin şah əsəridir”, - deyimi heç vaxt öz dəyər və aktuallığını itirməyəcək. Çünki Heydər Əliyev həm də Azərbaycanı bütün dünyada tanıdıb. Bayrağımızın dünyanın nüfuzlu təşkilatlarının binaları qarşısında dalğalanması, dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələri Ulu Öndərin həyata keçirdiyi uzaqgörən və məntiqi siyasətin nəticəsində baş verib. Ulu Öndər böyük alim, böyük diplomat, böyük siyasətçi, böyük demokrat, böyük rəhbər idi. 1993-cü ildə Ulu Öndər tərəfindən başlanılan siyasət 2003-cü ildən etibarən Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində ölkəmiz bütün sahələrdə nailiyyətlər əldə edib. Bu gün Azərbaycan inkişaf edir, çiçəklənir, dünyaya səs salır.

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri konsert proqramı ilə davam etdirilib. 

Tanınmış müğənni, həmyerlimiz Sahib İbrahimovun ifasında səslənən “Azərbaycan”, “Qazaxım”, “Baxdın çəkildin”, “Qələbən mübarək Azərbaycan!” mahnıları alqışlarla qarşılanıb.

Gənc ifaçı Nəsimi Kamaloğlunun “Azərbaycan-anaların anası”, müğənnilər Nazim Məmmədovun “Misri” el havası, “Yaşa Heydər oğlu, yaşa Ərdoğan”, Niyaməddin Novruzovun “Ay dəli ceyran”, “Yara qurban”, Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi Ramal Vilayətoğlunun “Vətənim Azərbaycan”, Vüsal Osmanlının “Dünya sənin, dünya mənim”, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Nəzrin Muradovanın “Torpağına qurban Azərbaycan” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 

Qazax Rayon Mədəniyyət Mərkəzinin “Buta” rəqs qrupunun təqdim etdikləri “Naz eləmə” rəqsi tədbirə toplaşanlara xoş ovqat bəxş edib. 

Aşıq Yaşar Gülümcanovun sazda ifa etdiy “Dur gedək Qazaxa bir salam verək” mahnısı, Aşıq Samir Cəlaloğlunun sazda ifa etdiyi el havası tədbirə coşqu qatıb. 

Bayram əhal-ruhiyəli tədbir könüllülərin yallı rəqsi ilə başa çatıb.

GOYEZEN.AZ



Facebook-da paylaş