• Təqvim

  • Maraq



Vətəndaşlarla keçirilən növbəti səyyar görüş Abbasbəyli kəndində olub


Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, arxasında vətəndaş amili dayanır.  

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar bunun əyani sübutudur.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının iyun ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Abbasbəyli kəndində olub.

İyunun 8-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əlamətdar il münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib.

İcra başçısı bütün kəndlərimiz kimi, Abbasbəyli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Abbasbəyli kəndindən 15 nəfərin iştirak etdiyini, onlardan 8 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, iştirakçılardan 1 nəfərin yaralandığını söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  


“Hər zaman çalışmışam ki, vətəndaşın qaldırdığı məsələ öz müsbət həllini tapsın” - deyən icra başçısı Abbasbəyli kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində işlər görüldüyünü, bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. İlk gündən kənddə yaşayan sakinlərə göstərilən dövlət qayğısının bu gün də davam etdiyini vurğulayıb. Əvvəlki səyyar görüşlərdə edilən müraciətlərin zamanla aradan qaldırıldığını, həlli istiqamətində lazımi işlər görüldüyünü qeyd edib. Kənddə rabitə dayaqlarının və xəttinin dəyişdirilməsi, elektrik xətlərinin yenilənməsi, transformatorun qoyulması, gənc ailələrə həyətyanı torpaq sahəsinin verilməsi və s. məsələlərin müsbət həllini tapdığını söyləyib. Hətta, kənddə “Azəronline” şirkəti tərəfindən fiber optik internet xəttinin çəkilişinin başa çatdığını və 4 abunəçinin artıq yüksək sürətli internet xəttindən istifadə etdiklərini dilə gətirib. Digər abunəçilərin də mərhələli şəkildə qoşulacağını diqqətə çatdırıb. Arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu, Dövlət Proqramında nəzərdə tutulduğunu qeyd edib. 


Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Abbasbəyli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Abbasbəyli kəndində əkin sahəsinin 136,25 hektardan 178,4 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Abbasbəyli kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. 2 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. 

Rayon rəhbəri Ağköynək, Qazaxbəyli, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq kəndlərində kəndarası yolların qum-çınqılla cari təmir olunduğunu bildirib. Hazırda Abbasbəyli kəndində kəndarası yolun cari təmir olunduğunu, qum-çınqıl döşənərək hamarlandığını və bu işlərin davam etdirildiyini vurğulayıb. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 6 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin Vətən müharibəsi iştirakçısı, 3 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Abbasbəyli kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb.

İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.


Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Abbasbəyli kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.


2022-ci ilin sentyabr hadisələrində yaralanmış III qrup müharibə əlili Ülvi Quluyevin atası Babək Quluyev də ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından razılığını ifadə edib. Bunun bariz nümunəsini övladına göstərilən qayğıda, yaşadıqları evin təmir olunmasında gördüyünü söyləyib və dövlətin qazilərə qayğısı kimi qiymətləndirib. 

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənd ərazisində yeni salınacaq məhəllədə 1 ədəd subartezian quyusunun qazılması, kənddə körpələr evi-uşaq bağçasının açılması, sipləşmə işlərinin aparılması, su itkisinin qarşısının alınması və 30 hektar sahənin suvarılması məqsədilə 1,4 km uzunluğunda Abbasbəyli arxının beton üzlüyə alınması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını, rəsmi müraciət olunduğunu söyləyib.

GOYEZEN.AZ



Facebook-da paylaş