İcra başçısının növbəti səyyar görüşü şəhər sakinləri ilə olub
Bu gün ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
İcra başçısının növbəti səyyar görüşü mayın 25-də Qazax şəhəri Azadlıq küçəsində yerləşən 208A, 208, Heydər Əliyev prospekti 173, 175 saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə olub. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, bina sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərin keçirildiyini qeyd edib.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq son illər respublikamızın bölgələrində olduğu kimi, Qazax rayonunda da genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını qeyd edib. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyünün vurulduğunu söyləyib. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49,50,51 saylı, Su-15 və Su-16 adlanan ərazilərdə yerləşən, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verildiyini bildirib. Rayonda aparılan quruculuq işlərindən söz açan icra başçısı Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 153-nün dam örtüyünün dəyişdirildiyini, əsaslı şəkildə təmir olunduğunu diqqətə çatdırıb. Azadlıq küçəsində yerləşən 208, 208A, Heydər Əliyev prospekti 173,175 saylı binaların da blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini, binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün şəhərin bir neçə küçəsində müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planına uyğun olaraq son illər Qazaxda 10 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşasını, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı təmirini, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu, həmin təmirli bağçalardan altısının şəhərdə yerləşdiyini qeyd edib.
İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları binaların əsaslı şəkildə təmir olunmasının, ən son binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər H.Əliyev prospekti 175 saylı binanın dam örtüyündə navalçaların təmiri, Azadlıq küçəsi 208A saylı binanın daxilindəki yararsız su xətlərinin dəyişdirilməsi, H.Əliyev prospekti ilə Ə.Seyidov küçəsinin kəsişməsində işıqforun qoyulmasına köməklik göstərilməsi ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətinə cavab olaraq qaldırılan məsələlərə həssaslıqla yanaşılacağı, nəzarətə götürüləcəyi və müsbət həll edilməsi istiqamətində lazımi addımlar atılacağı bildirilib.
Səyyar görüş başa çatdıqdan sonra rayon rəhbərliyi görüş zamanı qaldırılan müraciətlərlə yerində tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş