• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib


“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Dahi rəhbərin 100 illiyinə həsr olunmuş müsabiqədə filialın tələbələri aktiv iştirak ediblər. Müsabiqədə rəsm əsərləri ilə yanaşı, tələbələrin hazırladıqları əl işləri də nümayiş olunub.  

Rəsm nominasiyası üzrə müsabiqədə iştirak edən tələbələrdən filialın Məktəbəqədər təhsil ixtisasının III kurs tələbəsi Eyvazova Nərmin Azər qızının rəsmi I yerə layiq görülüb. Həmin ixtisasın I kurs tələbəsi İsmayılova Nigar Rəfail qızının rəsmi II yeri, İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Əliyeva İpək Əhməd qızının rəsmi III yeri tutub.

Əl işləri nominasiyasında filialın İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbələri Süleymanova Firuzə Ərrəhman qızı, Əsgərova Gülgəz Elman qızı, Hüseynova Türkan Bəbir qızı hazırladıqları əl işi ilə birinci yeri tutaraq müsabiqənin qalibi olublar. Filialın Məktəbəqədər təhsil ixtisasının III kurs tələbəsi Nəsibli Aytac Araz qızının əl işi müsabiqənin ikincisi, II kurs tələbəsi Hacıyeva Xədicə Müqabil qızının əl işi isə müsabiqənin üçüncüsü olub.


Mayın 5-də müsabiqə qalibləri Diplomlarla təltif olunublar. Təltifolunma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri də iştirak ediblər.

Rayon rəhbərliyi yer tutan, qalib adını qazanan bütün tələbələri təbrik edib, xoş arzularını çatdırıb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə fəal iştiraklarına, maraqlı əl işləri və rəsmlər təqdim etdiklərinə, ən əsası da dahi şəxsiyyətə olan böyük hörmət və ehtiramlarına görə razılığını bildirib. Müasir, müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, bugünkü gəncliyin sayəsində onun yorulmaz fəaliyyətinin və hər kəsə örnək olan həyatının hər anının gələcək nəsillərə çatdırılacağını vurğulayıb.  

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbirdə iştirakına və tələbələrin ünvanına səsləndirdiyi xoş sözlərə, daim filialın kollektivinə verdiyi yüksək qiymət və dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Sonda qaliblərə Diplomlar təqdim olunub, xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş