İcra başçısının aprel ayı üzrə vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Orta Salahlı kəndində olub
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi deməkdir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının aprel ayı üzrə vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Orta Salahlı kəndində olub.
Aprelin 27-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı bütün kəndlərimiz kimi, Orta Salahlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi, 5 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orta Salahlı kəndindən 55 nəfərin iştirak etdiyini, onlardan 24 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Orta Salahlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Orta Salahlı kəndində əkin sahəsinin 498 hektardan 711 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Orta Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Bütün kəndlərdə, o cümlədən də Orta Salahlı kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.
Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin - Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırıldığını vurğulayıb. Orta Salahlı, eləcə də digər kəndlərdə zamanla içməli su təchizatının yaxşılaşdırılacağını söyləyib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını göstərib. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsini dövlətin Qazaxda təhsil sahəsinə olan qayğısı kimi qiymətləndirib. Rayon rəhbəri təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Orta Salahlı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri Orta Salahlı kəndində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib. Hazırda Qazaxbəyli və Orta Salahlı kəndlərində kəndarası yolların qum-çınqılla cari təmir olunduğunu bildirib.
İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu söyləyib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Orta Salahlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, Kür çayının Orta Salahlı kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinin aparılması üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını vurğulayıb.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Nəbi Babacanov onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb. Son illər rayonda, o cümlədən də Orta Salahlı kəndində görülən işlərdən danışan kənd ağsaqqalı abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildirib. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlığını bildirib.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə uşaq bağçasının açılması, Səməd Hacıyev adına 270 şagird yerlik Orta Salahlı kənd tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Məktəb binasının inşasının Dövlət Proqramında nəzərdə tutulduğunu, bağçanın açılması ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş