• Təqvim

  • Maraq



ADA Universitetinin rektoru Hafiz Paşayev və qonaqlar yenidən bərpa edilən Qazax Müəllimlər Seminariyasında olublar


Aprelin 19-da ADA Universitetinin rektoru Hafiz Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yenidən bərpa edilən Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar.

Qonaqlara bildirilib ki, ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya bu gün yeni görkəm verilib. 105 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edir. Vaxtilə özünün 17 otaqlı mülkünü Seminariyaya bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun da bu gün ruhu şaddır ki, bu təhsil ocağı yenidən qapılarını gələcəyimiz olan gənclərin üzünə açır. Qeyd olunub ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etmir, eyni zamanda, tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.  


Qonaqlar ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını yüksək qiymətləndiriblər. Gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildiriblər. Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər kəs tərəfindən razılıqla qarşılandığını qeyd edilərək ölkə Prezidenti İlham Əliyevə, bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunub.



Facebook-da paylaş