Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində görüş keçirilib
Aprelin 19-da Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində görüş keçirilib.
Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Universitetin professor-müəllim heyəti iştirak ediblər.
Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində baş məsləhətçi Yeganə Göyüşlü bildirib ki, ADA Universiteti 2021-ci ilin may ayında "Bir müəllimin manifesti" adlı layihə təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun tarixi binasının bərpasını və təhsil missiyasını yerinə yetirib: "Qazax Müəllimlər Seminariyası istər Cümhuriyyət, istər də sovetləşmə dövrlərində bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Hətta 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılıb. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və fəaliyyətini 1959-cu ilədək davam etdirib. ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində maarifçilik tariximizin qürurlu ünvanlarından olan Qazax Müəllimlər Seminariyasının binasının bərpa edilməsi ilə onun yenidən, müasir təhsil üsulları səviyyəsində fəaliyyəti təmin olunacaq”.
Görüşdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Qazax Müəllimlər Seminariyasının bərpası Azərbaycan təhsilinin inkişafına mühüm xidmət göstərəcək. Qazax Müəllimlər Seminariyası ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam edəcək, burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək. Hafiz Paşayev qeyd edib ki, təhsilin inkişafına xidmət edən belə layihələr digər regionlarda da reallaşdırılmalıdır. O, bu istiqamətdə BDU ilə birgə əməkdaşlıq layihələrinin keçirilə biləcəyini vurğulayıb.
BDU-nun rektoru Elçin Babayev seminariyanın müasir görkəmini almasında böyük rol oynadığına görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə minnətdarlığını bildirib. Rektor diqqətə çatdırıb ki, professor Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrləri, “Bir müəllimin manifesti” kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.
Tədbirin sonunda BDU tələbələrinin ifasında Mir Cəlal Paşayevin “Müalicə” hekayəsindən səhnəcik və Universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Facebook-da paylaş