• Təqvim

  • Unutma

  • Maraq



Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir


Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər uğurla davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə qərb bölgəsində (Qazax, Tovuz, Ağstafa rayonları üzrə) görülmüş işlər və qarşıda duran vəzifələrə dair növbəti iclas keçirilib. 

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılovun, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Cəfər Məhərrəmovun, AXA, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin (BMFM) rəis müavini Səid Mahmudovun, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlər müzakirə olunub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı qeyd edib ki, sözügedən məsələnin mahiyyətini, məsuliyyətini birmənalı şəkildə dərk edərək hər birimiz üzərimizə düşən işin öhdəsindən gəlməliyik. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilən dəstəyin, atılan addımların qarşılıqlı nəticəsi olaraq aparılan mübarizə tədbirlərinə yerli icra hakimiyyəti orqanı olaraq hər zaman dəstək olmalıyıq. Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, vətəndaşların təsərrüfatına ziyan vurmaması üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu vurğulayıb. Ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Rayon rəhbəri yerli icra hakimiyyəti olaraq qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərində hər zaman dəstək olmağa, lazımi köməklik göstərməyə hazır olduğumuzu bildirib. Verilən tapşırıq və tövsiyələrin icrası istiqamətində mühüm addımlar atıldığını və bundan sonra da atılacağını qeyd edib. Rayon rəhbəri Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri və dezinfeksiya işləri barədə məlumat verib. Gün ərzində “Sınıq Körpü” Buraxılış Məntəqəsindən ölkə ərazisinə daxil olan ağır tonnajlı yük maşınlarında (tırlarda) dezinfeksiya işlərinin aparıldığını söyləyib. Rayon rəhbərliyi qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin, yük maşınları ilə bağlı verilən tapşırıqların ciddi nəzarətə götürüldüyünü, sakinlər arasında maarifləndirici görüşlərin təşkil olunduğunu, evlərə baxış keçirildiyini, bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb. 


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Cəfər Məhərrəmov mövzu ətrafında fikirlərini bölüşərək Qazaxda qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə həyata keçirilən tədbirlərdə göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Natiqlər çıxışları zamanı görülməsi nəzərdə tutulan işlər, həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən birinin əhali arasında geniş maarifləndirmə işinin aparılması olduğunu vurğulayıb. 

İclasda bildirilib ki, qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.

Qeyd edək ki, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində maarifləndirici görüşlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş