• Təqvim

  • Maraq



Ölkə ərazisində aşkarlanan qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda görülmüş işlər müzakirə olunub


Hər kəsə yaxşı məlumdur ki, qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) respublikamızın 8 rayonu üzrə 34 məntəqədə aşkarlanıb və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir.


Onu da qeyd edək ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır ki, onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı, tumlu və çəyirdəkli meyvə bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Zərərverici əsasən yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bununla əlaqədar olaraq ölkə ərazisində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, mövcud yayılmanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.


“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın koordinasiyalı icrasını təşkil etmək məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndlərinin iştirakı ilə Qazax-Tovuz bölgəsində Regional Əlaqələndirmə Mərkəzinin 13 yanvar 2023-cü il tarixdə Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən müşavirədə səslənən tapşırıqların icrası istiqamətində işlərə başlanılıb.  

14 yanvar 2023-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq məqsədilə Qazax rayonunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində avtovağzal ərazisinə, Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postuna (tır parkına) və “Balıq” kafesinə baxış keçirilib.


Yanvarın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, AQTA Tovuz Regional Bölməsinin rəisi Hüseyn Abdullazadə, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov və digər aidiyyəti şəxslər İkinci Şıxlı kəndində olublar. Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri və dezinfeksiya işləri ilə maraqlanıblar.

Rayon rəhbərliyinə və qonaqlara görülmüş işlər barədə məlumat verilərək gün ərzində “Sınıq Körpü” Buraxılış Məntəqəsindən ölkə ərazisinə daxil olan ağır tonnajlı yük maşınlarında (tırlarda) dezinfeksiya işlərinin aparıldığını bildiriblər. 17 yanvar tarixindən bu günə kimi 4133 maşında dezinfeksiya işlərinin aparıldığı diqqətə çatdırılıb.

Rayon rəhbərliyi qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin, yük maşınları ilə bağlı verilən tapşırıqların ciddi nəzarətə götürülməsini qeyd edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Günün ikinci yarısında Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində Qazax-Tovuz bölgəsində Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyevin, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin, qərargah üzvlərinin və digər aidiyyəti şəxslərin iştirakı ilə keçirilən iclasda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq məqsədilə görülməsi nəzərdə tutulan işlər, həyata keçiriləcək məqsədyönlü mübarizə tədbirləri geniş şəkildə müzakirə olunub, lazımi tapşırıq və tövsiyələr səslənib. Sözügedən məsələnin ciddiliyi nəzərə alınaraq mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. 


GOYEZEN.AZ



Facebook-da paylaş