• Təqvim

  • Maraq



Alpout kəndində sakinlərlə növbəti səyyar görüş keçirilib

 

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, hər bir dövlət məmuru üçün örnək və yol xəritəsidir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, hər zaman vətəndaş amili, mövqeyi, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə 2022-ci ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.


2023-cü ilin yanvar ayı üzrə vətəndaşlarla keçirilməsi nəzərdə tutulan növbəti səyyar görüş Alpout kəndində olub. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq yanvarın 12-də Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söz açılıb.

Görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Birinci müavin Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edildiyini, bu ilin əvvəlki illərdən daha əlamətdar bir il olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Heydər Əliyev İli” Azərbaycan xalqının böyük oğluna olan sonsuz hörmət və ehtiramını bir daha nümayiş etdirmək üçün Prezidentin bizlərə ən böyük töhfəsidir.

2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün sonra 10 noyabrda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən danışan birinci müavin bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Birinci müavin bütün kəndlərimizdən olduğu kimi, Alpout kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 1 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Alpout kəndindən 41 nəfərin iştirak etdiyini, onlardan 9 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Alpout kəndindən olduğunu bildirib. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan birinci müavin Alpout kəndində də əkin sahəsinin artdığını qeyd edib. 2016-cı ildən bu yana Alpout kəndində əkin sahəsinin 268 hektardan 320 hektara çatdırıldığını söyləyib. Əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Alpout kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını, bu gün 3 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən M.Alıyev bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Birinci müavin kənddə mövcud olan çatışmazlıqlardan danışaraq su məsələsinin zamanla qismən həllini tapdığını, sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü, kənddə 3 yerə su çəninin qoyulduğunu qeyd edib. 

2022-ci ilin bir çox uğurlu layihələrlə yadda qaldığını qeyd edən birinci müavin bunun bariz nümunəsi olaraq ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. Bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb. M.Alıyev öz mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlamış Məşədi İbrahimin vaxtilə yaşadığı evin rayon rəhbərliyinin təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulduğunu söyləyib. 

Birinci müavin “Saloğlu” fərdi firmasına məxsus yeni inşa olunmuş “Venzana” mebel fabrikini də ötən ilin uğurlu layihələrindən biri kimi dəyərləndirib. Həmin fabrikdə 500 nəfər işçiyə ehtiyac olduğunu qeyd edərək işləmək istəyən vətəndaşların “Saloğlu” fərdi firmasında hər həftənin şənbə günü təşkil olunmuş iş görüşməsində iştirak etmələrini tövsiyə edib. 

Birinci müavin ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu söyləyib. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 10 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını nümunə göstərib. Hazırda ölkə başçısının qayğısı sayəsində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni bina inşa olunduğunu və son tamamlanma işlərinin aparıldığını qeyd edərək bunun dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. Birinci müavin uzun illərdən bəri həlli vacib olan məsələlərdən olan su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. 


Birinci müavin kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 4 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin Vətən müharibəsi əlili, 2 nəfərin isə müharibə iştirakçısı olduğunu qeyd edib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən birinci müavin bu istiqamətdə görülən işlərdən söz açıb. Alpout kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.  

Birinci müavin narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da söz açıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan birinci müavin bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İstər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.

Sakinlərdən İnayət Məmmədov, Əhəd Vəliyev, Səhlədar Osmanov, Yaşar Alıyev son illər rayonda, o cümlədən Alpout kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Vəliyev Əhəd Əli oğlunun Alpout kənd tam orta məktəbin qarşısında avtobus dayanacağının qoyulması ilə bağlı müraciətini dinləyən birinci müavin səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Həlli istiqamətində addımlar atılacağını söyləyib.

GOYEZEN.AZ



Facebook-da paylaş