• Təqvim

  • Unutma

  • Maraq



Aslanbəyli kənd həkim məntəqəsi əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib

Dekabrın 26-da Qazax rayonunun Aslanbəyli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsaslı şəkildə təmir olunan həkim məntəqəsi sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə Alt nümayəndəliyinin rəhbər müavini Valeria Gemello, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiya şöbəsinin koordinatoru Mahiyyəddin Mirzəyev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, səhiyyə işçiləri, şəhid ailələri, müharibə əlilləri, kənd ağsaqqalları və ziyalıları iştirak ediblər.           

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra çıxışlar olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qazaxda bir çox layihələri icra etdiyini, o cümlədən də tibb məntəqələrinin əsaslı şəkildə təmir olunması sahəsində mühüm işlər gördüyünü və həmin işlərin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Aslanbəyli kənd həkim məntəqəsinin təmir olunmasını bayram ərəfəsində kənd sakinlərinə və məntəqədə çalışan işçilərə ən böyük töhfə olduğunu söyləyib. Qazaxın sərhəddə yerləşən Qaymaqlı və Aslanbəyli kəndlərində həkim məntəqələrinin təmir olunmasına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə kənd sakinləri adından minnətdarlığını bildirib. 


Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə Alt nümayəndəliyinin rəhbər müavini Valeria Gemello çıxış edərək nümayəndəliyin adından tədbir iştirakçılarını salamlayıb, Aslanbəyli kənd həkim məntəqəsinin açılışında iştirak etməkdən qürur duyduğunu söyləyib. Təmir müddətində göstərilən dəstəyə görə əməyi keçən insanlara nümayəndəlik adından təşəkkürünü çatdırıb. Təmir olunmuş kənd həkim məntəqəsində sakinlərə yüksək səviyyədə xidmət göstəriləcəyini vurğulayıb. 


TƏBİB-in koordinasiya şöbəsinin koordinatoru Mahiyyəddin Mirzəyev çıxış edərək iştirakçıları salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Aslanbəyli kənd həkim məntəqəsinin əsaslı təmirinə, burada çalışan tibb işçilərinə yaradılan şəraitə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbərliyi adından Beynəlxalq Qızıl Xaç Komitəsinə və Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib. Həyata keçirilən bütün bu işlərin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edib. 


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rəhbərlik etdiyi kollektiv və səhiyyə işçiləri adından Beynəlxalq Qızıl Xaç Komitəsinə və tədbirdə iştirak edən nümayəndələrinə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində gördükləri işlərə görə minnətdarlıq edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə podratçı “Osman” MMC tərəfindən məntəqədə görülmüş işləri yüksək qiymətləndirən S.Məmmədova əməyi keçən hərə kəsə təşəkkürünü ifadə edib. Məntəqəyə müasir istilik sisteminin çəkildiyini, otaqların, sanitar qovşaqların günün tələblərinə cavab verən səviyyədə təmir edildiyini qeyd edib. Belə təmirli məntəqədə çalışan tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək üçün var qüvvələri ilə çalışacaqlarını söyləyib. 

Sonra tədbir iştirakçıları həkim məntəqəsinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ      



Facebook-da paylaş