Qazax rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib
Dekabrın 10-da Qazax Rayon İcra Hakimiyyətində Qazax rayon Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
İclasda RİH nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİH başçısının birinci müavini Məmməd Alıyev, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və komitə üzvləri iştirak ediblər.
İclasın gündəliyində iki məsələ - Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən hazırlanmış 2023-cü il üçün “Ərazi Məşğulluq Proqramı”nın layihəsinin müzakirəsi, 2023-cü il üçün “Ərazi Məşğulluq Proqramı”nın layihəsinin təsdiqi məsələsi müzakirə olunub.
Qazax RİH nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİH başçısının birinci müavini Məmməd Alıyev iclası açıq elan edərək qeyd edib ki, 29 iyun 2018-ci il tarixində qəbul edilən Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanunu məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının, eləcə də vətəndaşların əmək, işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatını müəyyən etmişdir. Respublika Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2019-2030-cu illər)” təsdiq edilmişdir. Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair ölkə Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamı ilə “2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir. Eyni zamanda M.Alıyev qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların nəzarət sahəsinə aid olan müəssisələrdə maarifləndirmə tədbirlərinin gücləndirilməsini vurğulayıb. “Dövlət Proqramı”nın 2023-cü ildə Qazax rayonu ərazisində həyata keçirilməsi üçün Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə birlikdə proqram layihəsi işləyib hazırladığını, hazırlanmış “Ərazi Məşğulluq Proqramı”nın layihəsinə münasibət bildirilməsini söyləyib. 2023-cü il üçün hazırlanmış “Ərazi Məşğulluq Proqramı”nın layihəsi geniş şəkildə müzakirə olunub.
Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov 2023-cü il üçün hazırlanmış “Ərazi Məşğulluq Proqramı”nın müzakirəsi ilə əlaqədar çıxış edərək bildirib ki, Ərazi Məşğulluq filialları respublikanın əmək bazarında layiqli yerini tutaraq “Məşğulluq haqqında” Qanun və digər normativ-hüquqi aktlarla müvafiq vətəndaşların sosial müdafiəsi sahəsində dövlət təminatını yerinə yetirir. Əhalinin rifahının, sosial müdafiəsinin yaxşılaşdırılması və gücləndirilməsi məqsədilə ötən dövr ərzində Respublika Prezidenti tərəfindən təsdiq edilən Fərman və Sərəncamlar məşğulluq xidməti orqanlarının işində müsbət nəticələr əldə etməyə imkan yaratmışdır. Əsasən Respublika Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncam ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair “2020–2025-ci illər üçün Tədbirlər Planı” ümumilikdə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində atılan qəti addımlar kimi qiymətləndirilir. 2023-cü il üçün Qazax rayon “Ərazi Məşğulluq Proqramı”nın hazırlanmasında əsas məqsəd rayon ərazisində işsizliyin kütləvi xarakter daşımasının qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.
Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvü, Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov proqramın layihəsinə münasibət bildirərək göstərib ki, proqramın layihəsi Filialın əməkdaşları və Əlaqələndirmə Komitəsinin üzvləri ilə birlikdə rayonun spesifik və struktur xüsusiyyətləri nəzərə alınaraq hazırlanmışdır. Layihədə bütün sahələr əhatə olunmuşdur. 2023-cü ildə görüləcək və görülməsi vacib olan məsələlər nəzərə alınaraq, məşğulluq strategiyasının əsas məqsədi, əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarət olduğunu göstərərək işlənilmişdir. Eyni zamanda F.Qocamanov qeyri-formal məşğulluq hallarının müəyyənləşdirilməsi və qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi mövzusuna toxunaraq bildirib ki, bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi gələcəkdə qeyri-formal məşğulluq hallarının azalmasına çox böyük dəstək göstərəcəkdir. Bununla yanaşı, Əlaqələndirmə Komitəsinin üzvləri ayrı-ayrı iş adamları ilə əlaqəni genişləndirərək işə qəbul zamanı Filialda işaxtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşlardan işə qəbul edilməsini təmin etməyə köməklik etsinlər.
Məşğulluğa kömək göstərən Əlaqələndrmə Komitəsinin üzvü, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Babayev qeyd edib ki, bizim əsas məqsədimiz rayonumuzda işsizliyin nəzərə çarpacaq dərəcədə azalmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının təkmilləşdirilməsinə yönəldilmiş addımlar atmaqdan ibarət olmalıdır. Eyni zamanda X.Babayev bildirib ki, əsasən işədüzəltmədə həssas təbəqədən olan şəhid ailələri, qazilər və müharibə iştirakçılarının işlə təmin edilməsinə üstünlük verilsin və bu kateqoriyadan olan şəxlərin məşğulluğunun təmin edilməsi prosesləri davam etdirilsin.
Sonda Qazax rayon Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibovun məlumatını və ayrı-ayrı komitə üzvlərinin çıxışları dinləyərək 2023-cü il “Ərazi Məşğulluq Proqramı”nın Qazax RİH başçısının təsdiqinə verilməsini qərara alıb.
GOYEZEN.AZ
Facebook-da paylaş