• Təqvim

  • Maraq



Qazaxda “Vətənin müdafiəsinə hazıram!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib


Dekabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX-nin Qazax Rayon Şöbəsinin əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim-tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik mövzusunda keçirilən tədbirə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib. Tədbir iştirakçıları və çağırışçılar Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. 

Sonra SHXÇDX-nin Qazax Rayon Şöbəsinin əməkdaşları və çağırışçılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Qazax Gənclər Evində davam edən tədbirdə əvvəcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ötən illər ərzində Qazaxda keçirilən hərbi-vətənpərvərlik mövzularında keçirilən tədbirlərə, müxtəlif illərdə çağırışçıların yolasalınma mərasimlərinə həsr olunmuş videoslayd nümayiş etdirilib. 

Tədbirin aparıcıları Akif Əmirov və Gülanə Hüseynova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, vətənpərvərlik mövzusunda təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, iki il bundan öncə sentyabr ayının 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsindəki Qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun cəsurluğu, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin şah damarı olan gənclərə vətənpərvərlik hisslərinin aşılanması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla icra edilir. Qazax rayonunda keçirilən vətənpərvərlik tədbirlərindən danışılaraq bunun bariz nümunəsi olaraq 14 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-Qürurumuz, Xalqımız-Dayağımız”, 13 iyun 2018-ci il tarixdə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında təşkil olunmuş kütləvi vətənpərvərlik bayramı tədbirləri nümunə göstərilib. Gənclərdə vətənpərvərlik əhval-ruhiyəsinin yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə 13.07.2017, 12.04.2018, 13.07.2019 və 03.10.2019-cu il tarixlərdə Qazax Gənclər Mərkəzinin qarşısında çağırışçıların ordu sıralarına böyük təntənə ilə yola salındığı vurğulanıb. Müharibəyə cəlb edilmiş bir ölkədə hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac olduğu, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verdiyi bildirilib. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində cənab Prezidentin çağırışına səs verən xalqın yumruq kimi birləşdiyi qeyd olunub. Milliyyətindən asılı olmayaraq hər kəsin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə axışdığı. Qazax rayonundan 1076 nəfərin könüllü olaraq müharibədə iştirak etdiyi söylənilib. 


Qazax rayonundan ümumilikdə Qarabağ müharibəsində 343 nəfərin şəhid olduğu, onlardan 289 nəfərin Vətən müharibəsinədək, 49 nəfərin Vətən müharibəsində hərbi əməliyyatlar nəticəsində, 2 nəfərin müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən, 3 nəfərin isə 2022-ci ilin sentyabr ayının 12-13 tarixlərində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduğu diqqətə çatdırılıb. Vətən müharibəsinədək şəhidlərdən 7 nəfərin Milli Qəhrəman, 1 nəfərin “Azərbaycan Bayrağı” ordeninə, Vətən müharibəsi şəhidlərindən 2 nəfərin “Qarabağ”, 5 nəfərin “Azərbaycan Bayrağı”, 4 nəfərin 3-cü dərəcəli “Rəşadət”, 9 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 49 nəfər şəhidin müxtəlif adda 199 ədəd medalla təltif edildiyi bildirilib. Vətən müharibəsində iştirak edən 246 nəfər hərbi qulluqçudan 52 nəfərinə əlillik dərəcəsinin təyin edildiyi, 242 nəfərin 592 ədəd müxtəlif adda orden və medallarla təltif olunduğu söylənilib. Bala Çaylı kəndindən olan mayor Nicat Bədəlovun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü qeyd edilib. 12-13 sentyabr tarixlərində şəhid olmuş baş gizir Məmmədov Azər Mustafa oğlunun, baş leytenant Kazımov Yunis Qasım oğlunun və gizir Kərimov Azad Zakir oğlunun Vətən müharibəsində iştirak etdiyi vurğulanıb. Şəhid Azər Məmmədovun Vətən müharibəsində şücaətinə görə cənab Prezidentin müvafiq Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görüldüyü söylənilib. Şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun Vətən müharibəsində şücaətinə görə cənab Prezidentin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, ölümündən sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildiyi qeyd olunub. Şəhid gizir Kərimov Azad Zakir oğlunun Vətən müharibəsində şücaətinə görə cənab Prezidentin müvafiq Sərəncamı ilə “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” medalına layiq görüldüyü bildirilib. Məhz bu cür qəhrəman oğullarımızdan ruhlanan gənclərimizin Vətənin keşiyini çəkmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə getdikləri vurğulanıb. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Dəvəti qəbul edib bugünkü tədbirdə iştiraklarına görə şəhid ailələrinə və qazilərə razılığını ifadə edib. Hər il silsilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirildiyini qeyd edən icra başçısı bugünkü görüşün də həmin tədbirlərin davamı olduğunu söyləyib. Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman əminliklə söyləyirdi ki, biz Şuşasız qala bilmərik. Çünki o, gənclər ordusunun yetişdiyini, düşmən tapdağı altında qalan torpaqlarımızın gənclərimiz tərəfindən azad ediləcəyinə qəlbi, varlığı ilə inanırdı. Biz 44 günlük Vətən müharibəsində bunun əyani şahidi olduq. İcra başçısı 44 günlük Vətən müharibəsində kimliyindən asılı olmadan hər kəsin Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq tək birləşdiyini, bu birlik sayəsində tarixi Qələbə qazandığımızı bildirib. Rayon rəhbəri bu gün vətəndaş olaraq torpaqlarımızı işğaldan azad edən, xalqımıza şanlı Zəfər bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı istər Birinci Qarabağ, istər Aprel döyüşləri, istər İyul döyüşləri, istər 44 günlük Vətən müharibəsi, istərsə də bu ilin sentyabr ayında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin unudulmayacağını, xalqımızın, qazaxlıların qəlbində ən ülvi hisslərlə yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. “Əziz gənclər, həqiqi hərbi xidmətə yola düşən oğullarımız. Bu gün canını Vətən yolunda fəda edən qəhrəman şəhidlərimizin valideynləri, ataları, anaları, sağlamlığını itirən qazilərimiz sizlərə xeyir-dua vermək üçün görüşünüzə gəlib. Harada olmağınızdan asılı olmayaraq sizin arxanızda xalq və bu cür qəhrəman insanlar dayanıb”, - deyən icra başçısı sonda bir daha gənc çağırışçılara uğurlar arzulayıb.


SHXÇDX-nin Qazax Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov çıxış edərək şəhid ailələrini, qaziləri və tədbir iştirakçılarını salamlayıb, Vətənin keşiyində dayanmaq üçün yola düşəcək gənclərə uğurlar arzulayıb. T.Məmmədov qeyd edib ki, xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitləri 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdilər. Rayonumuzda vətənpərvərlik hissi və gənclərimizin hərbi xidmətə getmək istəyi hər zaman yüksək səviyyədə olub. 27 sentyabrda başlayan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da minlərlə gənc könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına yazıldı. Gənclərin hər biri böyük ruh yüksəkliyi və qürurla SHXÇDX-nin Qazax bölməsinə axın edirdilər. Hər zaman mərdliyi, igidliyi, qəhrəmanlığı ilə seçilən igid Qazax oğulları 44 günlük Vətən müharibəsində döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə hər zaman borcluyuq. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır. T.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçmə, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğunu bildirib. Yarandığı dövrdən bu günə kimi Səfərbərlik Xidmətinin hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət apardığını söyləyib. Qeyd edib ki, dövlətimizin hərbi qüdrətinin gücləndirilməsi, güclü ordunun yaradılması bizim əsas strateji xəttimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bildirib ki, bu istiqamətdə bizim çox böyük nailiyyətlərimiz var. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır. Xüsusilə də 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu dövrlər ərzində böyük inkişaf yolu keçib. Hər bir uğurun təməlində bir sıra amillərin dayandığı kimi Silahlı Qüvvələrimizin də əldə etdiyi zəfərlərin başlanğıcında səfərbərliyin düzgün təşkili dayanır. Bu gün Azərbaycan Ordusunda sağlam, gümrah, vətənpərvər, döyüş ruhu yüksək olan əsgər və zabitlərimiz xidmət edir. T.Məmmədov qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Ölkə Prezidenti İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Siz gənclərin üzərinə düşən vəzifə yaradılan münbit şəraitdən bəhrələnmək, ərazi bütövlüyümüzün qorunması istiqamətində yüksək xidmət göstərməkdir. T.Məmmədov Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” imzaladığı 26 noyabr 2022-ci il tarixli Sərəncamla respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da gənclərimizin ordu sıralarına çağırışının başlanıldığını, 2023-cü ilin yanvarın 1-dən 31-dək Qazax rayonundan 55 nəfər çağırışçının müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına yollanacağını bildirib. Yola düşən gənclərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi Qələbə qazanmış qalib Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçəcəklərini, Qarabağı işğaldan azad etmiş ordunun əsgərləri olacağını vurğulayıb. Şöbə rəisi gənc çağırışçılara xidmətləri dövründə hərbi nizamnamələrin tələblərinə əməl etməyi tövsiyə edib. Vətən müharibəsində ordumuzun əldə etdiyi möhtəşəm qələbəni, qalibiyyəti həmişə yüksək səviyyədə qoruyub saxlamağın hər birimizin, eləcə də gənclərin üzərinə düşən ən ümdə vəzifə olduğunu söyləyib və bu şərəfli yolda gənclərə uğurlar arzulayıb. 


Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Nicat Nəsibovun atası Səməd Nəsibov çıxış edərək tədbir iştirakçılarını salmlayıb, ürək sözlərini bölüşüb. Bu gün əlamətdar günlərdən biri olduğunu, gənclərimizi hərbi xidmətə yola saldığımızı bildirib. Şəhid atası qeyd edib ki: “Gənclərimiz bilməlidirlər ki, hansı torpaqda yetişiblər. Tarixi şəxsiyyətlər yetirən torpaqda böyüdüklərini unutmamalıdırlar. 44 günlük Vətən müharibəsində ad-san qazanan qazaxlılar oldu. O, qazaxlılar ki, bütün döyüşlərdə ön cəbhədə vuruşdular. Mən əminəm ki, siz gənclər də bir qazaxlı kimi hər zaman Azərbaycanın döyüş bayrağını daim uca tutacaqsınız. Siz gənclər düşməndən azad edilmiş torpaqlara yağı düşmənin ayağı bir daha dəyməsin deyə həmin torpaqları qorumağa gedirsiniz”, - deyən şəhid atası bu şərəfli yolda gənclərə uğurlar arzulayıb.  


Ehtiyatda olan gizir, III dərəcəli Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmiş Famil Yusubov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ataları, anaları, ailələri qarşısında baş əydiyini söyləyib, Vətənin keşiyində dayanmaq üçün yola düşən gənclərə uğurlar arzulayıb. Mənfur düşmənin bu gün də öz məkrli niyyətlərindən əl çəkmədiklərini, təxribatlar törətdiklərini, torpaqlarımıza göz dikdiklərini, lakin güclü Azərbaycan Ordusunun düşmənə layiqli yerini göstərdiyini qeyd edib. Bugünkü tədbirdə iştirak etdiyi üçün qürur duyduğunu söyləyən F.Yusubov vətənpərvərlik ruhunda tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və əməyi keçən insanlara təşəkkürünü çatdırıb. 


II dərəcəli Vətən müharibəsi əlili, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmiş (çağırışçı Zamiq Abdullayevin atası) Kərim Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ataları, anaları, ailələri qarşısında baş əydiyini söyləyib. “Bu gün fəxr edirəm ki, mənim övladım da Vətənin keşiyində dayanmaq üçün yola düşən gənclərin arasındadır”, - deyən K.Abdullayev bütün çağırışçılara uğurlar arzulayıb. Füzulidən Şuşaya kimi ağır döyüş yolu keçdiyini qeyd edən qazi bu gün də döyüşməyə hazır olduğunu söyləyib. 


Çağırışçılardan Cavad Mirzəyev çıxış edərək gələcəyin əsgəri olaraq tədbir iştirakçılarını salamlayıb, ali təhsilini bitirib hər bir gənc kimi Vətənə olan xidməti borcunu qaytarmaq, Vətənin keşiyində dayanmaq, qalib Azərbaycan Ordusunun əsgəri olmaq üçün həqiqi hərbi xidmətə yollandığını və bununla qürur duyduğunu qeyd edib. Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə, yüksəklikdə xidmət etməyin gənclərin vəzifə borcu olduğunu söyləyib və bu şərəfli yolda bütün çağırışçı yoldaşlarına uğurlar arzulayıb. Tədbirin təşkilinə görə rayon rəhbərliyinə və əziyyəti olan hər kəsə təşəkkürünü çatdırıb.


Gənc müğənni Nəsimi Kamaloğlunun “Bura vətəndir!” mahnısı tədbirə əsl bayram əhval-ruhiyəsi qatıb. 

Gənc Aşıqlar Samir Cəlaloğlunun “Ruhani” havası sədaları altında səsləndirdiyi “Bizimkidir qalibiyyət, bizimkidir Zəfər!” adlı şeiri, Aşıq Şahin Süleymanovun “Misri” mahnısını sazda ifa etməsi alqışlarla qarşılanıb. 

İstedadlı gənc Sarif Vəliyev Vətən müharibəsi şəhidi Xudayara həsr olunmuş “Sən özün dastana döndün” mahnısı ilə tədbirə qürur dolu anlar yaşadıb.  

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin yetirməsi, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdi Türkan Rəhimova “Bu diyarın” mahnısı ilə tədbirə xoş ovqat qatıb.

Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Gültəkin Hüseynovanın rəhbərliyi ilə “Yurd” vokal qrupunun ifa etdiyi “Vətəndən pay olmayır!” mahnısının sədaları altında bayram ruhlu tədbirə yekun vurulub.


GOYEZEN.AZ                   



Facebook-da paylaş