• Təqvim

  • Maraq



Sərhəd kəndi Kəmərlidə növbəti səyyar görüş olub

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Respublika Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərin, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin kökündə vətəndaş amili dayanır. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı şəkildə yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. 

Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Kəmərlidə olub. Dekabrın 16-da Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Hər zaman olduğu kimi, bugünkü görüşdə də ölkə başçısı və Birinci vitse-prezident tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından söz açılıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də bu məqsədi daşıdığını söyləyib.  

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç vaxt unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində Kəmərli kəndindən 56 nəfərin iştirak etdiyini, onlardan 29 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. 12 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. Birinci Qarabağ müharibəsində Kəmərli kəndindən 12 nəfər Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, 7 nəfərin müharibə əlili olduğunu bildirib. Vətən müharibəsində iştirak edən, 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şəhid olmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun, eləcə də bütün şəhidlərimizin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.


"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. 

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Kəmərli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Kəmərli kəndində əkin sahəsinin 531 hektardan 657 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Kəmərli kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Kəmərli kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 12 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.


Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 26 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsinin üzvü, 6 nəfərin Vətən müharibəsi iştirakçısı, 17 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun bütün kəndlərində, həmçinin, Kəmərlidə SİP kabelləşmə işinin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

İcra başçısı Kəmərli kəndində də vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını, ötən illər ərzində kənddə su problemi, 12 ailənin qaz problemi ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək üçün yeni su xəttinin çəkildiyini, kənd sakinlərinin rahat şəkildə istifadə edə bilmələri üçün hər 4-5 evdən bir bulaq tikiləcəyini, su anbarının inşa ediləcəyini, hətta artıq işlərə başlanıldığını qeyd edib. 

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi tərəfindən narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. 

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən ağsaqqal Rəhim Rəhimov, təqaüddə olan müəllim Minarə Rəhimova, şair Mübariz Qaragözlü və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini və hər zaman dəstəklədiklərini qeyd ediblər. Son illər rayonda, eləcə də Kəmərli kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Yolçuyeva Ramidə Cəlal qızının 422 şagird yerlik A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbin əsaslı təmir olunması, Həsənov Yaqub Şərif oğlunun kənddə sip kabelləşmə işlərinin davam etdirilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş