• Təqvim

  • Maraq



Qazaxda icra başçısı məktəbliyə təşəkkür etdi


Hər kəsə yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də qayğı göstərilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani sübutudur.

Rayon rəhbərinin bu gün Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Pirməmədova Səadət Mürsəl qızını qəbul etməsi, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevə olan sevgisinə, hörmət və ehtiramına görə təşəkkür etməsi də bu qayğının bariz nümunəsidir. Məktəbli ilə keçirilən görüş onun timsalında gələcəyimiz olan uşaqlara göstərilən növbəti qayğıdır. Demək olar ki, rayon rəhbərliyi tərəfindən keçirilən bu cür görüşlər artıq bir ənənə halını alıb.


“Özümə borc bildim ki, Ulu Öndərə olan sevginə, ona həsr olunmuş şeiri ürəkdən səsləndirdiyinə görə sənə təşəkkürümü çatdırım”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlətinə, xalqına, rəhbərinə layiqli şəkildə yetişən gənclərimizlə qürur duyduğunu bildirib. Rayon rəhbəri yaşının az olmasına baxmayaraq Vətəninə, xalqına, dövlətinə, ölkə Prezidentinə olan sevgisinə, müstəqil Azərbaycanın qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevə olan ehtiramına görə məktəblimizi alqışlayıb, onun vətənpərvər ruhda tərbiyə olunmasında əməyi keçən müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin vəfatından 19 il ötməsinə baxmayaraq xalqımızın öz böyük oğlunu tükənməz məhəbbət və ehtiramla yad etdiyini vurğulayıb. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, yollarımızı daim işıqlandırdığını söyləyib. Səadət kimi gənclərimizin Ulu Öndərə olan sevgiləri, hörmət və ehtiramları var olduğu müddətcə dahi şəxsiyyətin heç zaman unudulmayacağını, daim qəlblərdə yaşayacağını qeyd edib. 


Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, onlara göstərilən bu səmimi münasibətə görə rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib. Bugünkü görüşü Səadətin timsalında bütün dərnək üzvlərinə olan qayğı kimi qiymətləndirib.

Sonda məktəbliyə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri ona gələcəkdə dərslərində böyük müvəffəqiyyətlər qazanmasını arzulayıb. Səmimi söhbət əsasında keçən görüşdə məktəbliyə hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib


GOYEZEN.AZ



Facebook-da paylaş