Qazaxda tanınmış tənqidçi-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
Noyabrın 29-da Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə tanınmış tənqidçi-ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın (Rüstəm Kamal oğlu Rəsulov) 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, AYB Qazax zona filialının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, yazarlar, ziyalılar, ağsaqqallar, aşıqlar, Gəncə şəhərindən, Ağstafa və Ağdaş rayonlarından gələn qonaqlar iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, yubilyarı 60 illiyi münasibətilə təbrik edərək ona cansağlığı, uzun ömür və ən xoş arzularını çatdırıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən Qazax ziyalılarına, şairlərə, saz-söz adamlarına daim qayğı göstərdiyini bildirib. İlk gündən bütün sahələrdə Qazaxda, eləcə də Qazaxdan kənarda yaşayıb, ürəyi bu torpaqla döyünən qazaxlı ziyalıların dəstəyini hiss etdiyini qeyd edən icra başçısı professor Rüstəm Kamalın da məhz həmin ziyalıların sırasında dayandığını söyləyib.
“Rüstəm Kamalın keçdiyi həyat yolu imkan verdi ki, bu gün biz onun 60 illik yubiley tədbirini doğma Qazaxımızda qeyd edək. Bu yubiley tədbiri təkcə Rüstəm Kamal yaradıcılığına deyil, bütün ziyalılara verilən qiymətdir. Bugünkü yubiley tədbiri bizə imkan yaradacaq ki, Rüstəm Kamal yaradıcılığına, onun fəaliyyətinə bir daha nəzər yetirək, onu daha yaxından tanıyaq, yaradıcılığını dəyərləndirək. R.Kamal harada olmasından asılı olmayaraq hər zaman alnıaçıq, üzüağ şəkildə Qazaxımızı yüksək səviyyədə təmsil edib”, - deyən icra başçısı dəyərli ziyalımızın keçdiyi ömür yolunun, alim və ziyalı kimi poeziyamıza verdiyi töhfələrin gənc yazarlara, bugünkü gəncliyə nümunə olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək yubilyarın ünvanına təbriklərini və səmimi arzularını səsləndirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ziyalılara olan dövlət qayğısından söz açan B.Vüsal həmin qayğının Qazaxda daim hiss olunduğunu söyləyib. Fəaliyyətə başladığı ilk gündən şairlərə, aşıqlara, ziyalılara göstərdiyi qayğıya, verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdalığını bildirib. İlk gündən Qazaxda belə yubiley tədbirlərinin, ədəbi gecələrin, poeziya bayramlarının keçirilməsinin ənənə halını aldığını, Rüstəm Kamalın 60 illiyinə həsr olunmuş bugünkü yubiley tədbirinin də həmin ənənənin davamı olduğunu qeyd edib. R.Kamal haqqında ürək sözlərini bölüşən B.Vüsal onun hər zaman özünün, sözünün yerini bilən insan, ziyalı kimi qəlblərə yol tapdığını, örnək olduğunu söyləyib. “O adam ki, haqqı deyir, haqqa bağlıdır. Üstümüzdə haqqı olan haqq adamıdır”, - deyən B.Vüsal R.Kamalın da məhz belə insanlardan, ziyalılardan olduğunu söyləyib.
Ağstafada fəaliyyət göstərən Hüseyn Arif Ədəbi Məclisinin sədri, şair Saqif Qaratorpaq çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarın ünvanına təbriklərini çatdırıb. S.Qaratorpaq R.Kamalın yazdığı hər essenin, məqalənin bir işıq effekti olduğunu söyləyib. R.Kamalın həm yazıçı, həm də şair olduğunu, bunu onun qələmə aldığı esselərdən də göründüyünü bildirib. R.Kamalın ədəbiyyatımızın görünməyən tərəflərini oxuculara məharətlə, ustalıqla çatdırdığını qeyd edən natiq ona bu yolda uğurlar arzulayıb.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın cəfakeşi, professor Rüstəm Kamalı 60 illik yubileyi münasibətilə BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti adından təbrik edib. M.Yusifov bu gün rayon rəhbərliyinin qayğısı və dəstəyi sayəsində Qazaxın yubiley tədbirlərinin, ədəbi gecələrin, respublika səviyyəli elmi konfransların, beynəlxalq yarışların keçirildiyi bir məkana çevrildiyini qeyd edib. Bugünkü yubiley tədbirinin də deyilənlərin bariz nümunəsi olduğunu söyləyib. R.Kamalın BDU-nun Qazax filialındakı fəaliyyətindən, kollektivin dəyərli ziyalı ilə olan tanışlığından söz açan M.Yusifov onun tələbələrin yaddaşında innovativ metodları tədrisə gətirən gözəl bir pedaqoq kimi qaldığını qeyd edib. Natiq çıxışında R.Kamalın ədəbiyyatşünaslığın hansı zirvəsindədirsə, pedaqoq kimi də hər zaman yüksək zirvədə dayandığını ifadə edib. R.Kamalın qələmə aldığı esselərin həcmindən asılı olmayaraq hər birinin bir hekayə, roman səviyyəsində olduğunu, bütövlükdə həmin esselərlə ədəbiyyatımızın palitrasını yaratdığını dilə gətirib.
BDU-nun Qazax filialının Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək professor Rüstəm Kamalı 60 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Qazax torpağının müqəddəs olduğunu qeyd edən H.Xəlilov bu torpağın ədəbiyyatımıza Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı və adını çəkmədiyi neçə-neçə dəyərli ziyalıları, şairləri bəxş etdiyini bildirib. Rüstəm Kamalın bu cür şəxsiyyətlərdən örnək götürərək onların qoyduqları ənənələri davam etdirdiyini söyləyib. R.Kamalın tənqidçi, ədəbiyyatşünas alim, esse yazarı kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu qeyd edib.
Gəncədən yubilyarı təbrikə gələn şair İnqilab İsaq çıxış edərək R.Kamala ən səmimi ürək sözlərini və xoş arzularını çatdırıb. R.Kamal haqqında ürək sözlərini bölüşən natiq onun xalqının ilmə-ilmə, söz-söz, çətir-çətir ruhuna enən alim, mütəfəkkir olduğunu bildirib. “Alimin böyüklüyü yalnız kitab yazmaq deyil, həm də oxucu tərbiyə etməkdir. R.Kamalın bütöv yaradıcılığı məhz bu amal üzərində qurulub”, - deyən natiq bunu onun qələmə aldığı esselərdə gördüyümüzü söyləyib.
Ağdaşdan yubilyarı təbrikə gələn AYB Ağdaş filialının sədri, şair Fəxrəddin Əsəd çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yubilyarı təbrik edərək xoş sözlərini çatdırıb. R.Kamal yaradıcılığından söz açan natiq onun esselərini oxuyarkən hər dəfə yeni bir nəfəs, yeni bir tapıntı gördüyümüzü qeyd edib.
BDU-nun Qazax filialının tələbələri Bəyaz Abdullayeva Milli Kitabxananın kitabxanaçısı Təranə Əliyevanın Rüstəm Kamala həsr etdiyi şeiri, Günel Eyyubova Rüstəm Kamalın esselərindən parçaları, Gülnar Xasayeva Barat Vüsalın Rüstəm Kamala həsr etdiyi şeiri, Allahverdi Süleymanov ziyalıların Rüstəm Kamal haqqında söylədikləri dəyərli fikirləri səsləndiriblər.
Gənc aşıqlardan Şahin Süleymanov “Dübeyti”, Samir Allahverdiyev “Cəlili” aşıq havaları ilə yubilyara olan təbriklərini çatdırıblar.
Sonda yubilyar, professor Rüstəm Kamal çıxış edərək onu təbrikə gələn, ünvanına xoş sözlər səsləndirən insanlara, tədbir iştirakçılarına öz adından və ailəsi adından minnətdarlığını bildirib. Doğma torpağı olan Qazaxda yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə, əziyyəti keçən insanlara razılığını ifadə edib. Dahi şəxsiyyətlər, ziyalılar yurdu Qazax torpağında yetişdiyi üçün özünü şanslı hesab etdiyini bildirib. Bu torpağın yetirməsi kimi ünvanına söylənilən bütün sözlərin hər zaman üzərinə böyük məsuliyyət qoyduğunu və bunu əsərlərində göstərməyə çalışdığını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, ədəbiyyatşünas və esseist, Prof.Dr. Rüstəm Kamal 2 iyul 1962-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub. O, 1979-cu ildə Qazax rayonunun İkinci Şıxlı kənd tam orta məktəbini bitirib. 1984-cü ildə Rusiya Federasiyasında İmmanuel Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Peterburqda filoloq kimi aspirantura təhsili alıb və 1992-ci ildə elmi işini müvaffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1993-1995-ci illərdə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda doktorantura təhsili alıb, 1996-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparır. Filologiya elmləri doktoru olmaqla Azərbaycanın ali məktəblərində elmi-pedaqoji fəaliyyətlə məşgul olub. 1995-1996-cı illərdə BDU-nun Şəki filialında dekan vəzifəsində, Mingəçevir Dövlət Universitetində kafedra müdiri, Bakı Slavyan Universitetində Elmi-tədqiqat laboratoriyasının müdiri, kafedra müdiri vəzifələrində çalışıb.
2018-ci ildən indiyədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri vəzifəsində çalışır.
Həmçinin, Rüstəm Kamal hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavinidir. Bununla yanaşı, 26.10.2022-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin 13-cü Qurultayında Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib.
1996-cı ildə “Oğuz ruhu: bərpa və yozum”, 1999-cu ildə ““Kitabi Dədə Qorqud”: arxaik ritual semantikası”, 2010-cu ildə “Ömür-inanc mətni”, “Zəlimxan Yaqub: inanc işığı” və “Yazıdan mifə”, 2012-ci ildə “Sözü işığa danışdım”, 2013-cü ildə ““Kitabi Dədə Qorqud”: nitq janrları və davranış poetikası” əsərlərinin müəllifidir.
2020-ci ildə R.Novruzovla birgə “İqor yürüşü haqqında söyləmə: nitq janrları” adlı dərs vəsaitini, 2021-ci ildə “XX əsr Azərbaycan nəsrinin poetikası: motiv analizi” adlı filologiya fakültəsinin magistratura pilləsi üçün dərs vəsaiti nəşr olunub.
2017-ci ildə nəşr olunan “Güzgü günü” adlı filoloji esselərin və 2019-cu ildə nəşr olunan “Uzaq kölgələrin səsi: Səməd Vurğun və Vaqif Səmədoğlu haqqında esselər” kitabının müəllifidir.
2011-ci ildə İqor yürüşü haqqında söyləmə-rus şeiri antologiyasını, 2014-cü ildə ən yeni rus ədəbiyyatından Lev Rubinşteynin 2 cilddə Antologiyasını, 2-ci cilddə Poeziyasını və ən yeni rus ədəbiyyatından Vsevolod Nekrasovun 2 cilddə Antologiyasını, 2-ci cilddə Poeziyasını, 2020-ci ildə isə Valentin Katayevin nağıllarını, hekayələrini, Donald Bissetin nağıllarını və s. bir neçə yazıları tərcümə edib.
Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl və Çingiz Əlioğlunun, Yasunari Kavabata, Mixail Bulqakov, Vladimir Nabokov, Rable Qroteski, Fransua Rable, Haynrix Böll, Kamilo Xose Sela, Besik Xaranuli, Bağater Arabuli və b. məşhur yazarların Bakıda çıxan kitablarına ön söz yazıb.
Rüstəm Kamalın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2001 və 2011-ci illərdə Prezident təqaüdünə, 2013-cü ildə "Qızıl Kəlmə" ədəbi mükafatına, 2016-cı ildə esseistika yaradıcılığına görə Əlibəy Hüseynzadə mükafatına, 2017-ci ildə "İlin alimi" adına, 2019-cu ildə Rəsul Rza Beynəlxalq Ədəbi Mükafatına layiq görülüb. Ailəlidir. Bir qız, bir oğul övladı vardır.
GOYEZEN.AZ
Facebook-da paylaş