• Təqvim

  • Maraq



İcra başçısının noyabr ayı üzrə vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Hüseynbəyli kəndində olub

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər sahədə özünü göstərir. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədə xidmət edir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən bərpa edilən Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədi daşıyır.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının noyabr ayı üzrə vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Hüseynbəyli kəndində olub.

Noyabrın 24-də Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan söz açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən danışan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

Əvvəlki illərdə sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Ötən illər ərzində kənddə elektrik dayağı, transformatorla, subartezian quyusu, arxların təmizlənməsi, bağçanın mövcud vəziyyəti, güləş zalı və digər məsələlərlə bağlı müraciətlərin həlli istiqamətində müəyyən işlər görüldüyünü vurğulayıb. Kənddə mövcud olan ən böyük problemlərdən birinin kənd yolunun asfaltlanması olduğunu və bu məsələnin müsbət həllini tapdığını, kəndə yeni asfalt yolun çəkildiyini söyləyib.  


İcra başçısı bütün kəndlərimiz kimi, Hüseynbəyli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Hüseynbəyli kəndindən 44 nəfərin iştirak etdiyini, onlardan 21 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kəndinin qəhrəman oğlu şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun göstərdiyi şücaətin gələcək nəsillərə örnək olacağını vurğulayıb. Döyüşlərdə 4 nəfərin yaralandığını bildirən icra başçısı şəhid ailələri kimi, onların da daim qayğı ilə əhatə olunduqlarını vurğulayıb. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.


Təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı Hüseynbəyli kənd tam orta məktəbin və kənddəki Uşaq bağçasının təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib. Məktəbin builki qəbul nəticələrindən söz açan rayon rəhbəri 18 nəfərin ali məktəbə qəbul imtahanlarında iştirak etdiyini, onlardan 13 nəfərin ali məktəbə, 2 nəfərin orta ixtisas məktəbinə daxil olduğunu qeyd edib. 1 nəfər məzunun 600-dən, 2 nəfər məzunun 500-dən yuxarı nəticə göstərdiyini söyləyib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 11 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 3 nəfərin müharibə əlili, 7 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Hüseynbəyli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Hüseynbəyli kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri 7 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini, 2023-cü ildə 1 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu söyləyib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Hüseynbəyli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. 

İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.  Sakinlərdən Kərəm Nəbiyev, Sehran İsayeva, Novruz Alcanov, Vətən müharibəsi qazisi Xalid Həsənov və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Hüseynbəyli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Kənd yolunun asfaltlanmasını, güləş zalının təmir olunmasını həmin işlərin bariz nümunəsi kimi qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. 

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Abbasova Mahirə Mehralı qızının kənddə yeni salınmış məhəllədə 60 ailənin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması, Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin həyətindəki transformatorun ətrafına mühafizə zolağının çəkilməsi, Xuduyev Elman İslam oğlunun kənddə SİP kabelləşmə işinin aparılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 


GOYEZEN.AZ



Facebook-da paylaş