İcra başçısının noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Dəmirçilər kəndində olub
Hər kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. Eyni zamanda, ölkəmizdə vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Qazaxda icra başçısının noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Dəmirçilər kəndində olub.
Noyabrın 17-də Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən sosial problemləri, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı ötən səyyar görüşlərdə kənddə içməli su, subartezian quyusunun qazılması, yolun təmiri, elektrik xəttinin, güləş zalının təmiri ilə bağlı qaldırılan, eləcə də digər bir sıra məsələlərin zamanla müsbət həllini tapdığını bildirib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini söyləyib.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, həmin müharibədə igid Vətən oğullarının, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazandığımız tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə ömür boyu borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin Dəmirçilər kəndindən olduğunu bildirib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid gizir Məmmədov Turan Nadir oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində şəhid olan 5 nəfər qəhrəman Vətən oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Birinci Qarabağ müharibəsində 8 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Dəmirçilər kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 8 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Son illər Dəmirçilər kəndində təsərrüfatın inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, 2016-cı ildə kənddə əkin sahəsi 545 hektar idisə, bu gün 656 hektara çatdırılıb. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Dəmirçilər kəndində xeyli işlər görüldüyünü bildirib. Bu gün kənddə 5 ədəd subartezian quyusunun sakinlərə xidmət göstərdiyini, arxların qısa zamanda beton üzlüyə alınacağını qeyd edib. Bundan əlavə, kənddə sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 11 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 2 nəfərin müharibə iştirakçısı, 1 nəfərin müharibə əlili, 6 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.
İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasında da təmir işlərinin aparıldığını, müasir bağçalar səviyyəsinə çatdırıldığını vurğulayıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Son illər rayonda Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulduğunu, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunduğunu, Elm və Təhsil Nazirliyi tərəfindən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmir edildiyini, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikildiyini bildirib. Hazırda ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. Rayon rəhbəri Dəmirçilər kənd tam orta məktəbin təmirinin və ya tikintisinin gələcəkdə növbəti Dövlət Proqramına salınacağını qeyd edib.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Dəmirçilər-Ürkməzli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Dəmirçilər kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Kənd sakinlərindən Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi Gülnar Osmanova, Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasının müdiri Ləman Miralayeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini, son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Dəmirçilər kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Hər keçirilən səyyar görüşün qaldırılan məsələlərin həll olunması ilə yadda qaldığını vurğulayıblar. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Namazov Hidayət Mədət oğlunun marşrut xəttinin kənd ərazisində yerləşən dairəvi yola qədər uzadılması və Abbasova Gülsüm Abdı qızının qəzalı vəziyyətdə olan 200 şagird yerlik Dəmirçilər kənd tam orta məktəbin yenidən qurulması və ya tikintisi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş