• Təqvim

  • Maraq



Birinci Şıxlı kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

 

Bu gün ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. 

2022-ci ilin mart ayından etibarən respublikamızın bütün bölgələrində, eləcə də Qazaxda şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Noyabr ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş ayın 10-da Birinci Şıxlı kəndində olub. 


Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan, ölkəmizdə və rayonda aparılan quruculuq işlərindən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Ən əsası da vətəndaş məmnunluğunu təmin etməkdir. 

2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən birinci müavin M.Alıyev bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Şəhidlərimizin, qazilərimizin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 6 nəfərin Birinci Şıxlı kəndindən olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Birinci Şıxlı kəndindən 71 nəfərin iştirak etdiyini, onlardan 42 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 


Birinci müavin son illər ölkə Prezidentinin rəhbərliyi altında respublikamızın bölgələrində olduğu kimi, Qazaxda aparılan quruculuq işlərinin geniş miqyas aldığını bildirib. Dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirən birinci müavin son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Birinci Şıxlı kəndində də kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu söyləyib. 

Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələnin - şəhərin su-kanalizasiya sisteminin ölkə rəhbərinin qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.


Son illər rayonun bütün kəndlərində olduğu kimi, Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını bildirən birinci müavin bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Birinci Şıxlı kəndində içməli su probleminin də aradan qaldırılacağını bildirib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən M.Alıyev bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib. Kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdıran birinci müavin bu sahədə lazımi addımların atıldığını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib. 


Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışan birinci müavin "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşasını, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısı kimi qiymətləndirib. Qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi hesab edilən Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. M.Alıyev bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.


Birinci müavin Qazaxda narkomaniya, onun törətdiyi fəsadlardan söz açaraq bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə istər narkomaniya ilə mübarizədə, istərsə də erkən nikahın qarşısının alınması istiqamətində hər kəsin səfərbər olmalı olduğumuzu söyləyib.

Sonra sakinləri narahat edən məsələlər dinlənilib, qayğıları ilə maraqlanılıb. Kənd sakinlərindən Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər rayonda, eləcə də Birinci Şıxlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd edərək bu işlərə görə razılıq ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Kənd sakinlərindən Qocayev Məzahir Şahvələd oğlunun qəzalı vəziyyətdə olan Birinci Şıxlı kənd tam orta məktəb binasında bərpa-gücləndirmə işlərinin aparılması, Nəsibov Səməd Məhəmməd oğlunun kənd inzibati ərazi dairəsinin inzibati binasında yerləşən həkim məntəqəsi üçün yeni binanın tikintisi, 3727 nəfər əhalisi olan kənddə Körpələr Evi-Uşaq bağçasının açılması, Süleymanov Fazil Alı oğlunun 70 ailəyə xidmət edən 100 metr uzunluğunda suvarma su borusunun əsaslı təmiri və s. bağlı müraciətlərini dinləyən birinci müavin qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. 

GOYEZEN.AZ



Facebook-da paylaş