• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar məktəb direktorlarının və müavinlərin iştirakı ilə müşavirə keçirilib


Oktyabrın 4-də Qazaxda 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin, məktəb direktorlarının, müavinlərin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov, Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov və əməkdaşlarıməktəb direktorları, direktor müavinləri iştirak ediblər. 



Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova müşavirəni giriş sözü ilə açaraq təhsil işçilərini 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon rəhbərliyinin adından təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Tədbirin əhəmiyyətindən danışan müavin G.Həsənova görüşün əsas məqsədinin 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələri müzakirə etmək olduğunu bildirib. G.Həsənova qeyd edib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini artırmaq məqsədilə bu sahədə əlimizdən gələni edək. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və vəzifələrə daim dəstək olmaq, rayonda təhsil sahəsində bu günə qədər olan uğurları olduğu kimi qoruyaraq öz töhfəmizi verməkdir. Müavin şagirdlərin dərsə davamiyyətində, məktəbdə nizam-intizama əməl edilməsində, məktəblilərin narkomaniya ilə mübarizədə maarifləndirilməsi istiqamətində məktəb direktorları ilə yanaşı, müəllimlərin, sinif rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Səslənən fikirlərdən, bildirilən iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir məktəb direktorunun, müəllimin nəticə çıxarmalarını, üzərilərinə düşən məsuliyyəti dərk edərək deyilənlərə ciddi əməl etmələrini söyləyib.


Rayon Prokuroru Rauf Gözəlov, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan dövlətinin prioritet sahələrindən biri gənclərimizin düzgün tərbiyə olunması, savadlı vətəndaş olaraq formalaşmasıdır. Çıxış edənlər Qazaxda erkən nikah və narkomaniya ilə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən məqsədyönlü tədbirlərin görüldüyünü vurğulayıblar. Kimliyindən asılı olmadan istər narkomaniya ilə mübarizədə, istərsə də erkən nikahın qarşısının alınmasında bu cür hallara göz yuman hər bir şəxsin qanun qarşısında valideynlər qədər məsuliyyət daşıdığını diqqətə çatdırıblar. 

Qazax Rayon Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, Qazax rayonu Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin direktoru Çəməngül İsmayılova çıxış edərək bugünkü müşavirənin yerində keçirilən bir tədbir olduğunu qeyd ediblər. Müşavirədə səslənən fikirlərdən, deyilən iradlardan müsbət mənada nəticə çıxarılmasını bildiriblər.    

Uzun illər məktəb direktoru işləmiş təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova öz təcrübəsini bölüşüb, məktəbdə uğurlu nəticələrin əldə edilməsi üçün lazım olan amilləri qeyd edərək tövsiyələrini verib. 

Sonda bir daha məktəblərdə erkən nikaha və narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, valideynlərlə maarifləndirici söhbətlərin aparılması, azyaşlıya nişan və ya toy mərasimlərinin keçirilməsi ilə bağlı məlumat əldə etdikləri halda dərhal hüquq-mühafizə orqanlarına bildirilməsi, çətin tərbiyə olunan şagirdlər haqqında məlumatların təqdim olunması, məktəblərdə nizam-intizamın nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş