Qazaxda şair Davud Nəsibin 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib
Sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə şair, publisist, tərcüməçi Davud Nəsibin 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Davud Nəsibin övladları Xəyyam və Xəyal Nəsibovlar, şairin yaxınları, doğmaları, qonaqlardan AZTV-nin şöbə müdiri Bəxtiyar Qaraca, tədqiqatçı alim İsmayıl Umudlu, şairlər Nəbi Xəzrinin və Məstan Günərin, yazıçı İsa Hüseynovun ailə üzvləri, AYB Qazax zona filialının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, memorial önünə tər qərənfillər düzülərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.
Sonra Fəxri Qazaxlılar parkında şairlər Molla Pənah Vaqif və Molla Vəli Vidadinin heykəli, Xalq şairləri Osman Sarıvəllinin, Vaqif Səmədoğlunun, ilk Xalq şairəsi Mirvarid Dilbazinin, Xalq yazıçıları İsmayıl Şıxlının, Mehdi Hüseynin, Yusif Səmədoğlunun, akademik, tarixçi etnoqraf Teymur Bünyadovun, ilk pedaqoji elmlər doktoru Əhməd Seyidovun büstləri önünə gül dəstələri qoyularaq əziz xatirələri yad olunub.
Ədəbiyyat Muzeyində davam edən yubiley tədbirində öncə Azərbaycan Televiziyasının şair Davud Nəsibə həsr etdiyi “Tənha dağdağan ağacı” adlı film nümayiş etdirilib.
Daha sonra Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qazaxın ədəbi irsinə şərəf gətirən, Azərbaycan milli-mənəvi dəyərlərinə xidmət etmiş, ədəbiyyatımızda xüsusi yeri olan şair, nasir Davud Nəsibin yubiley tədbirində görüşməkdən məmnunluq hissi keçirdiyini bildirib. B.Vüsal Davud Nəsibin əsərlərində, şeirlərində onun həyat kredosunun öz əksini tapdığını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, şairlər, ziyalılar yurdu Qazaxda salamlamaqdan məmnunluq hissi keçirdiyini dilə gətirib. Şair Davud Nəsib haqqında fikirlərini bölüşən icra başçısı bu günün əhəmiyyətindən söz açıb. İcra başçısı qeyd edib ki, ziyalıların Davud Nəsibin ünvanına səsləndirdikləri qiymətli fikirlərə, dəyərli sözlərə nəzər yetirsək görərik ki, o, necə bir insan, ziyalı olub. “Ədəbiyyatımızda Davud Nəsibin həm şair, həm də tarixçi kimi öz imzası, dəsti-xətti olub, onun yaradıcılığı gənc yazarlara örnəkdir”, - deyən icra başçısı bugünkü yubiley tədbirinin bu baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib.
AZTV-nin şöbə müdiri Bəxtiyar Qaraca çıxış edərək Davud Nəsibin 80 illiyinin yüksək səviyyədə təşkil olunmasına görə əziyyəti keçən insanlara minnətdarlığını ifadə edərək bu tədbirdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini qeyd edib. B.Qaraca Davud Nəsib haqqında hazırladığı filmin necə ərsəyə gəlməsindən, həmin filmin şairin gələcək nəsillərə tanıdılmasındakı əhəmiyyətindən söz açıb. İllər ötsə belə Davud Nəsibin onu sevərlərin qəlbində əbədi yaşayacağını, əsərlərinin sevilə-sevilə oxunacağını bildirib.
Tədqiqatçı alim İsmayıl Umudlu çıxış edərək tədbirə toplaşanları salamlayıb, Davud Nəsib haqqında xatirələrini bölüşüb. “Davud Nəsib Azərbaycan ədəbiyyatında yeri olan insan idi. Davud Nəsib təqlidçi deyildi, yaşadığı müddətdə hər zaman öz sözünü dedi. O, hər zaman öz ədəbi şəxsiyyətinə hörmət edirdi. Bunu onun şeirlərində, səsləndirdiyi fikirlərində də görmək olur. Davud Nəsibi xalqa sevdirən də məhz bu xüsusiyyəti idi”, - deyən İ.Umudlu onun yaradıclığının bir məktəb olduğunu qeyd edib.
AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu çıxış edərək şair Davud Nəsib haqqında ürək sözlərini çatdırıb, onunla bağlı xatirələrini bölüşüb. Davud Nəsibin doğma Vətənə, yurda, el-obaya bağlılığından söz açan şair torpaq sevgisinin onun şeirlərində də aydın şəkildə öz əksini tapdığını vurğulayıb.
Tədbirdə şair Davud Nəsibin sözlərinə yazılmış mahnılar səslənib. BDU-nun Qazax filialının 4-cü kurs tələbələri Günel Eyyublu Xalq şairi Nəriman Həsənzadənin Davud Nəsibə həsr etdiyi şeiri, Vadər Həsənov Davud Nəsibin “Ata paltosu”, Nicat Sadıqov Davud Nəsibin “Qazaxda bir çinar var”, Qənirə Qarayeva Davud Nəsibin “Torpaq” şeirlərini səsləndiriblər.
Aşıq Şahin Süleymanov və Samir Allahverdiyev şair Davud Nəsibin şeirlərini sazın müşayiəti ilə təqdim ediblər.
Sonda şairin övladları Xəyyam Nəsibov və Xəyal Nəsibov çıxış edərək ilk olaraq Qazaxdan start götürən yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə, əməyi keçən insanlara, eləcə də tədbirdə iştirak edənlərə Nəsibovlar ailəsi adından minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963). Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" qəzetində dərc edilən "Mənim doğma çayım-Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. 1966-cı ildə ilk kitabı - “Gözüm səni axtarır” oxuculara təqdim edilmişdir. “Dağlar danışsaydı”, “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Ümid qatarı”, “Bizdən sonra yaşayanlar”, “Əsrin laylası”, “Azərbaycan bayatısı”, “Dünya bir körpüdür”, “Karvan gedir”, “Ata laylası” kimi kitabların müəllifidir. Macar şairi Mikloş Radnotinin kitabını Azərbaycan dilinə çevirmişdir. “Anama məktublar”, “Ocaq daşları” şeir kitabları rus dilində çap olunmuşdur. 1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirdikdən sonra 1971–ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında əmək fəaliyyətini davam etdirmiş, ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri, poeziya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1984-cü ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və Azərbaycan Lenin Komsomolu Gəncləri İttifaqının Fəxri Fərmanlarına layiq görülmüşdür. Qazaxın dəyərli ziyalısı 2003-cü ildə dünyasını dəyişmişdir. Bakı şəhərində dəfn olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş