• Təqvim

  • Maraq



Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi qeyd edilmişdir


Respublika mətbuatı Qazax haqqında

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi təntənə ilə qeyd edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, "Qazax" Xeyriyyə İctimai Birliyinin və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin Xalq şairi Mirvarid Dilbazini "İstiqlal ordeni" ilə təltifetmə mərasimindən hazırlanmış videoçarxın nümayişi ilə başlamışdır.
Yubileyi giriş sözü ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı  açaraq tədbir iştirakçılarını, Mirvarid Dilbazi işığına toplaşanları salamlamış, Qazax mahalında Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinin təntənə ilə qeyd olunmasını onun yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirmişdir.


Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını şairlər yurdu Qazaxda görməkdən məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı və başqaları lirik şeirləri ilə ədəbiyyat tariximizdə dərin iz qoymuşlar. Bu sırada Mirvarid Dilbazinin də öz yeri var. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə zəngin bir ömür yaşamışdır. XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəslin yetişməsində onun böyük rolu olmuşdur. Həmin vaxtda bədii yaradıcılığa başlamış Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri "Oktyabr alovlanır" məcmuəsində dərc olunmuşdur. 1934-cü ildə isə "Bizim səsimiz" adlı kitabı işıq üzü görmüşdür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik inciləri ilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan Mirvarid Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarizəsini böyük coşqu ilə davam etdirmişdir.


Yubiley tədbirində o da vurğulanmışdır ki, Xalq şairinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilmişdir. Ulu Öndər Heydər Əliyev ona böyük dəyər verərək 18 avqust 1997-ci ildə Mirvarid Dilbazini "İstiqlal" ordeni ilə təltif etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin təntənəli keçirilməsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 16 may 2012-ci il tarixli sərəncam imzalanmışdır. 

Sonra tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, şair-publisist Məti Osmanoğlu, şair Səadət Buta və başqaları çıxış edərək ürək sözlərini söyləmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

23 avqust 2022-ci il




Facebook-da paylaş