Qazaxda icra başçısının avqust ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Bakı küçəsində 1,2,2A saylı binalarda yaşayan sakinlərlə keçirilib
Ölkəmizdə Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdən aydın şəkildə görmək olur ki, dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının avqust ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü şəhərin Bakı küçəsində 1,2,2A saylı binalarda yaşayan sakinlərlə keçirilib.
Avqustun 18-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, bina sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
Son illər şəhərdə, eləcə də kəndlərdə görülmüş işlərdən danışan icra başçısı ən böyük layihələrdən olan yeni 145 çarpayılıq mərkəzi xəstəxana binasının istifadəyə verilməsini, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını qeyd edib. Həmçinin, şəhərdə çoxmənzilli yaşayış binalarında, eləcə də Bakı küçəsində yerləşən 1,2,2A saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər üç binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, bu il isə həyətlərinə yeni asfalt örtüyü vurulduğunu bildirib. Bundan əlavə, Bakı küçəsi 1 saylı binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib. Rayon rəhbəri binaların həyəti ilə yanaşı, şəhərin Bakı küçəsinin asfaltlanmasının tam başa çatdırılmasının, eləcə də ara küçələrə yeni asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni 700 şagird yerlik binanın inşa olunmasını, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən də danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən yaşadıqları binalarda görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Xətayə İmamquluyevanın Qazax şəhəri Bakı küçəsinin qalan hissəsinin asfaltlanması, Əsmaya Adıgözəlovanın gəlininin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş