• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısının iyul ayı üzrə vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qaymaqlı kəndində olub

 

Cənab Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə hər zaman vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Qaymaqlı kəndində olub.

İyulun 28-də Qazax Rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.


Pandemiyadan sonra ilk dəfə olaraq Qaymaqlı kəndində keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını, bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

Ötən müddət ərzində Qaymaqlı kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib.

İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Qaymaqlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Qaymaqlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 34 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra  "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun da uca məqama yüksəldiyini vurğulayıb. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə Prezidentinin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir” söyləməsi bu gün hər birimizə örnək olmalıdır. Bu, eyni zamanda o deməkdir ki, şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.


Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına uyğun olaraq son illər Qazaxda 11 məktəb binasının əsaslı təmir və ya tikintisinin aparıldığını qeyd edib. Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını həmin qayğının bariz nümunəsi kimi vurğulayıb. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Qaymaqlı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. 


Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Qaymaqlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qaymaqlı kəndində əkin sahəsinin 406 hektardan 1006 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Qaymaqlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını, sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Bütün kəndlərdə, o cümlədən də Qaymaqlı kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qaymaqlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, ilkin olaraq kənddə qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsini bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 5 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi üzvü olduğunu qeyd edib.

Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da danışıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.


Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən İsmayılov İbrahim Şahvələd oğlunun kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, Məmmədov Nəbi Səməd oğlunun kənddə SİP kabelləşmə işlərinin aparılması, Əliyev Fərhat Məhəmməd oğlunun əkin sahələrində gəmiricilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, Əhmədova Niyar Yolçu qızının ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.

GOYEZEN.AZ



Facebook-da paylaş