Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Qazaxda səfərdə olub
İyulun 7-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Səfirliyin inzibati-təsərrüfat məsələləri üzrə müdiri Nurlan Yerkojaulı və ailə üzvləri, tərcüməçi Şamil Əlibəyov Qazax rayonunda səfərdə olublar.
Səfər çərçivəsində əvvəlcə Qazax Rayon İcra Hakimiyyətində görüş olub. Səfir Serjan Abdıkarimov, nümayəndə heyəti, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rayon rəhbərliyi ilə görüşüblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, onları Qərbin qapısı sayılan Qazaxda qarşılamaqdan məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb. İcra başçısı səfirə Qazaxın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qazaxda bütün sahələrin, xüsusilə də sənayenin, kənd təsərrüfatının, turizmin inkişafı üçün bütün imkanlar mövcuddur. İcra başçısı səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib. Rayon rəhbəri bildirib ki, bugünkü səfər və görüş Azərbaycan-Qazaxıstan dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və möhkəmləndirilir. İcra başçısı qeyd edib ki, Qazaxıstan dövləti qədim tarixi köklərə malikdir. Qazaxıstanla çoxillik əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edən bir sıra tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirib. İllər öncə səmimi münasibətlər üzərində qurulan əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb.
Səfir Serjan Abdıkarimov göstərilən xoş münasibətə, Qazaxıstan dövlətinin ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanla Qazaxıstan arasında iqtisadi, mədəni, eləcə də digər sahələr üzrə çox gözəl münasibətlərin formalaşdığını, əlaqələrin qurulduğunu vurğulayan səfir bugünkü görüşün də bu məqsədə xidmət etdiyini bildirib. Gəlişinin əsas məqsədini qeyd edən səfir Qazax rayonu ilə dostluq əlaqələri qurmaq, qarşılıqlı əməkdaşlıq haqqında məqsədyönlü addımlar atmaq olduğunu vurğulayıb. Qazax rayonunun iqtisadi və turizm potensialı, yerli mədəniyyət və görməli yerləri ilə tanışlıq, humanitar sahədə əməkdaşlıq və Qazaxıstan Respublikası ilə əlaqələrin qurulması məqsədilə Qazaxa səfər etdiyini söyləyib.
Görüşdə iştirak edən millət vəkili Səməd Seyidov, AJB-nin sədri Elçin Şıxlı iki ölkə arasında olan dostluq münasibətlərindən söz açaraq bugünkü görüşü həmin əməkdaşlığın davamı kimi qiymətləndiriblər. Səfirə və nümayəndə heyətində Qazaxa olan səmimi münasibətinə, səfərinə görə razılıqlarını bildiriblər.
Daha sonra səfər çərçivəsində qazaxıstanlı diplomat və qonaqlar rayonla yaxından tanış olublar. Səfər çərçivəsində Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Fəxri Qazaxlılar parkı, tarixi Qazax "Cümə” Məscidi, şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksi, Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Göyəzən dağı, Damcılı mağarası, Qazax sement zavodu ziyarət olunub.
Qazaxda qonaq olan səfirin ilk tanış olduğu ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Muzeylə tanışlıq qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.
Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını ziyarət edən səfir bu ünvandan da xoş təəssüratla ayrılıb.
Qazax "Cümə” Məscidi ilə tanış olan səfirə Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov tərəfindən müqəddəs kitabımız Qurani-Kərim hədiyyə edilib. Məscidin kümbəzində əsaslı təmir işlərinin aparıldığı diqqətə çatdırılıb.
Səfir və nümayəndə heyəti şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramını bildirib. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 339 şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi ilə tanışlıq zamanı qeyd olunub ki, kompleks ötən il 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb.
Səfir və qonaqlar daha sonra "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Göyəzən və Damcılı filiallarında olub, Göyəzən dağını və Damcılı mağarasını ziyarət ediblər. Qoruğun direktoru Səadət Əliyeva dağ və mağara haqqında ətraflı məlumat verib. Qonaqlara rayon rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.
Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb. Çay süfrəsinə qonaq nümayəndə heyətinə zavodun bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu zavod 5 iyul 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib. Zavodla yaxından tanış olan diplomata müəssisənin illik istehsal gücü, xammal bazası, ixracı, işçi qüvvəsi, əməkdaşlıq etdiyi ölkələr və yeni layihələr, zavodun fəaliyyət göstərdiyi müddətdə qazanılan uğur və nailiyyətlər, mükafatlar barədə ətraflı məlumat veriilb.
Rayonumuzda ilk dəfə qonaq olan səfir Serjan Abdıkarimov onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrıldıqlarını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətində olan görüşdən
Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
Fəxri Qazaxlılar parkı ilə tanışlıq
Qazax "Cümə” Məscidi ilə tanışlıq
Şəhidlər xiyabanını ziyarət
Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət
Göyəzən dağı ilə tanışlıq
Damcılı bulağı ilə tanışlıq
Qazax Sement Zavodu ilə tanışlıq
GOYEZEN.AZ
Facebook-da paylaş