• Təqvim

  • Unutma

  • Maraq



Rəsmiyyətçilik olmadıqda...

Qazaxda səyyar qəbullar ona görə maraqla keçir


Respublika mətbuatı Qazax haqqında

Əvvəlcədən hazırlanmış, necə deyərlər, ssenarisi yazılmış tədbirləri heç sevmirəm. Xüsusilə söhbət yerlərdə əhali ilə görüşlərdən gedirsə. Son vaxtlar icra hakimiyyəti başçılarının səyyar görüş-qəbulları bu baxımdan diqqətimi cəlb edir. Səmimi deyirəm, elə görüşlərdə iştirak etmişəm ki, oradakı əhval-ruhiyyə, bəzən qondarma söhbət, çıxış, rəsmiyyətçilik, gərginlik heç xoşuma gəlməyib və təbii ki, nəsə yazmağa da çətinlik çəkmişəm. Ona görə də çalışıram ki, belə tədbirlərə, "çağırılmamış qonaq” təsiri bağışlasam da heç kimə demədən gedim. Daha doğrusu, bölgə müxbiri kimi öz hüquqlarımdan və vəzifəmdən istifadə edim.

...Qazax Rayon İcra Hakimiyyətinin saytında icra hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi görüşlərin siyahısına, vaxtına baxdım və Aşağı Salahlını seçdim. Əvvəla, ona görə ki, indiyədək bu kənddə cəmi bir dəfə olmuşdum, o da Prezident seçkiləri zamanı. Aşağı Salahlı həmin gün adamlarının mütəşəkkiliyi, dövlətə və dövlətçiliyə, Prezidentinə sədaqətliliyi ilə yadımda qalmışdı. Amma sakinlərin problemləri, qayğıları ilə yaxından maraqlanmağa imkan olmamışdı və həm də həmin gün bu barədə söhbət aparmağın bir qədər səmimi olmayacağını düşünmüşdüm. Amma kənd haqqında kifayət qədər məlumatım var. Bilirəm ki, əhalisinin sayı 2 min nəfərə yaxındır. Əhali, əsasən, əkinçiliklə və maldarlıqla məşğuldur. Son 6 ildə torpaqlardan daha səmərəli istifadə etməyə başlayıblar. Məsələn, 2016-cı ildə cəmi 714 ton taxıl yığdıqları halda, keçən il bu rəqəm 1330 tona çatıb. Arpa, kartof, tərəvəz və digər kənd təsərrüfatı məhsulları da onun kimi. Kəndin enerji təminatında heç bir problem yoxdur. Belə bir fakt oxucu üçün də maraqlı olar ki, təkcə bu ilin ötən 5 ayı ərzində kəndin ərazisində elektrik enerjisinin verilişində cəmi 49 saat 47 dəqiqə fasilə yaranıb. Halbuki vaxt var idi ki, Aşağı Salahlı bəzən günlərlə işıqsız qalırdı.

Aşağı Salahlı Birinci Qarabağ müharibəsində 6 şəhid verib. Vətən müharibəsində isə bu kənddən 26 nəfər cəbhəyə yollanmış, onlardan 8 nəfəri yaralanmışdır. Kənddə ikinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış Abidə kompleksi və şəhidlərin xatirəsinə inşa olunmuş bulaq kompleksi vardır.

...Görüş-qəbula xeyli kənd sakini gəlib. Yaşlı insanlardan, ağsaqqallardan tutmuş, kiçik yaşlı məktəb şagirdlərinə kimi. Hiss olunur ki, görüş keçiriləcəyi haqqında elanı oxuyub öz istəkləri ilə yığışıblar bura. Açıq havada, yaşıl ağacların kölgəsində maraqlı bir görüş başlayır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də görüşdə iştirak edir.

İcra hakimiyyətinin başçısı bütün görüş-qəbullarda olduğu kimi, burada da ölkə Prezidentinin rəhbərliyi altında son illər respublikamızda aparılan quruculuq işlərindən danışır və Qazaxın timsalında konkret faktlar göstərir. Deyir ki, məhz cənab Prezidentimizin qayğısı sayəsində Qazaxda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin istifadəyə verilməsi rayonun tarixində böyük bir hadisədir.

Uzun illərdən bəri hamını narahat edən, həlli vacib olan daha bir məsələnin-şəhərin su-kanalizasiya sisteminin tamamilə yenidən qurulmasını da ölkə rəhbərinin Qazaxa və qazaxlılara olan sonsuz qayğısı kimi qiymətləndirir. Qeyd olunur ki, şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə yanaşı, çəkilişdən sonra şəhərin abadlaşdırılması bir gün də təxirə salınmayıb və bu iş ciddi nəzarətə alınıb.

Rəcəb müəllim bunları danışdıqca onun bu işlərə necə böyük önəm verdiyi ilə bağlı hələ iki il qabaq mənimlə etdiyi söhbət yadıma düşürdü. Deyirdi ki, "su-kanalizasiya xətti çəkmək ağır bir işdir. Amma ondan ağır qazılan yerlərin dərhal asfaltlandırılması, küçə və yolların abadlaşdırılması, səkilərin qaydaya salınmasıdır. Biz bu işi nəzarətsiz qoysaq, əhali deməzmi ki, palçıqdan, tozdan küçəyə çıxa bilmirəmsə, bu kanalizasiya nəyimə lazımdır?”

Rayon rəhbəri dövlət başçısının Qazaxda respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlardan da danışdı. Dedi ki, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yollar çəkilib.

Rəcəb müəllimin sözünə qüvvət, doğrudan da Aşağı Salahlıya - bu görüşə gələrkən qarşımıza elə gözəl yollar çıxırdı ki, onun gözəlliyini, rahatlığını duymaq üçün gərək ya nəqliyyat vasitəsi idarə edəsən, ya da başqa bir maşında yol gedəsən. Təsadüfi deyil ki, rayon rəhbəri yüksək səviyyəli yollar sırasında Aşağı Salahlı yolunun da adını çəkərkən yerdən "dövlətimiz sağ olsun, Prezidentimiz sağ olsun!” kəlmələri eşidildi.

Rəcəb Babaşov, sanki, hesabat verirdi. Hiss edirdim ki, görüşə toplaşanlar səsləndirilən fikirlərdən, göstərilən faktlardan razıdırlar və bunu başları ilə də təsdiq edirdilər. Sonradan təsadüfən eşitdim ki, həmin gün Rəcəb Babaşovun Qazaxda işə başlamasının düz 6 ili tamam olurmuş. Amma inanırsınızmı, bir dəfə də olsun ondan "mən” kəlməsi eşitmədim. Hər sözünün, cümləsinin başında ölkə rəhbərinin adını çəkirdi, "biz sizinlə birlikdə bu işləri gördük” deyirdi.

Rayonda təhsil, məktəbəqədər təhsil müəssisələrinin işində olan yüksəliş, yenilik, inkişaf daha qabarıq hiss olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər planında Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını bildirən icra hakimiyyətinin başçısı bu sahədə işlərin uğurla davam etdirildiyini söylədi:

– Son illər rayonda Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulub, məktəbin həyətində İsmayıl Şıxlının büstü qoyulub. Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa edilib, Təhsil Nazirliyi tərəfindən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəb əsaslı təmir edilib. Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilib. Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında ölkə Prezidentinin 4 avqust 2020-ci il tarixli Sərəncamına əsasən bu gün yeni bir məktəb binasının inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir...

Bunları söyləyən rayon rəhbəri ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd etdi, bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

İcra hakimiyyətinin başçısı rayonda bağçalarla bağlı görülən işlərə də toxundu. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, Aşağı Salahlı kənd Körpələr Evi-Uşaq bağçasının da həmin təmirli bağçalar sırasında olduğunu vurğuladı.

Rayon rəhbəri icra hakimiyyətinin polis şöbəsi ilə birlikdə narkomaniyaya qarşı apardıqları mübarizənin səmərəli olduğunu bildirdi, gənclərin sağlam gələcəyi naminə bu məsələdə hər kəsin fəal olmasının vacibliyini söylədi. Eyni zamanda, erkən nikahın qarşısının alınması ilə bağlı görülmüş işlərdən söz açdı və burada hər birimizin böyük məsuliyyət daşıdığını dedi.

Hərb tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, döyüş zamanı qanı ilə dastan yazan oğullarımızdan söz açan icra hakimiyyətinin başçısı qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dedi. 44 günlük savaşda Qazaxdan da 51 nəfər igid Vətən oğlunun şəhidlik zirvəsinə ucaldığını, onların xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd etdi. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirdi.

- Bugünkü görüşümüzün əsas məqsədi siz sakinləri dinləmək, kənddəki mövcud vəziyyəti öyrənmək, qaldırılan məsələlərin həlli istiqamətində addımlar atmaqdır. Rayon rəhbərinin bu müraciətindən sonra kənd sakinlərindən İlham Nəbiyev, Nüsrət Aşırov, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, Fatma Vəliyeva onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söylədilər.

"Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, III dərəcəli Vətən müharibəsi əlili Famil Yusubov 44 günlük savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək onun dəmir yumruğu ilə düşmənin başını əzdiklərini dedi. F.Yusubov şəhid ailələrinə və müharibə əlillərinə, iştirakçılarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitseprezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Məktəblilər Fatimə Əliyeva və Aylin Mirzəyeva ürək sözlərini şeirlə çatdırdılar. Aylin dedi ki, Qazaxın hələ də işğal altında olan 7 kəndinin azad olunması gününü səbirsizliklə gözləyir. Üzünü icra hakimiyyətinin başçısına tutaraq "istəyirəm belə bir görüşü o kəndlərdə keçirəsiniz və biz də gəlib orada şeir söyləyək” dedi.

Gözləri dolan Rəcəb müəllim yalnız "yaxın gəl sənin alnından öpüm” deyə bildi.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən məsələlərdən də söz açdılar. Güldəstə Muradovanın kənddə su itkisinin qarşısını almaq üçün "Arxmaz” arxının beton üzlüyə alınması, Rövşən İsmayılovun kənddə 10 ailəyə məxsus 25 hektar pay torpaqlarının suvarılması məqsədilə 1 ədəd subartezian quyusunun qazılması, Nüsrət Aşırovun kənddə sahilbərkitmə işlərinin aparılması və digər müraciətləri dinləyən rayon rəhbəri məsələlərin operativ həlli üçün konkret tapşırıqlarını aidiyyatı qurumların rəhbərlərinə verdi.

...Aşağı Salahlıda keçirilən görüş bir daha göstərdi ki, səmimiyyət olan yerdə heç rəsmiyyətçiliyə də yer qalmır. Hər bir çıxış da, təklif də, tənqid də yalnız işin xeyrinədir, həmin kəndin inkişafı naminədir.

Görüşdən sonra rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova ilə söhbət edərkən dedi ki, Rəcəb müəllimin bütün görüşləri, qəbulları belə səmimi keçir. Rəsmiyyətçiliyə, əvvəlcədən hazırlanan tədbirlərə, xüsusilə belə görüşlərə, qəbullara qətiyyən imkan vermir və bizdən də bunu tələb edir.

Yuxarıdakı fikrimə bir də qayıdıram: qoy "çağrılmamış qonaq” olum, amma səmimi söhbətə şahidlik edim, ürəkdən gələn sözlər eşidim.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri, Qazax rayonu

19 iyun 2022-ci il




Facebook-da paylaş