• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Elmi-praktik konfrans keçirilib

Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur.

Mayın 5-də Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Elmi-praktik konfrans keçirilib.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, BDU-nun Qazax filialının müəllim-tələbə heyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin filialın foyesində yerləşən büstü önünə tər qərənfil düzərək əziz xatirəsini ehtiramla yad ediblər.





Ümummilli Liderə həsr olunmuş guşə ilə tanış olduqdan sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən slayd təqdim olunub.






 

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq rayon rəhbərliyini və iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Rüstəmov Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini, dövlətçiliyini hər cür təhlükədən qoruyan, xilas edən dahi şəxsiyyət kimi adının xalqımızın qəlbinə əbədi həkk olunduğunu bildirib. Natiq qeyd edib ki, müasir Azərbaycanın son 30 illik tarixinə nəzər salsaq görərik ki, bu illər ərzində əldə etdiyimiz bütün nailiyyətlərin təməlində Ümummilli Liderin düşünülmüş siyasəti dayanır. 1990-cı ildə ölkəmizin üzləşdiyi çətin anlardan və Ulu Öndərin xalqın təkidli tələbini, müraciətini dəyərləndirərək ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verənlərdən söz açan A.Rüstəmov həmin qayıdışla Azərbaycan dövlətinin yeni tarixinin yazıldığını vurğulayıb. Bu qayıdışla xalqımızın özünə inamının qayıtdığını, xalq-dövlət birliyinin bərpa olunduğunu söyləyib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də bütün sahələrdə olan tərəqqinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. A.Rüstəmov Ulu Öndərin dövlət siyasətinin, ideyalarının bu gün də yaşadığını, onun layiqli davamçıları Prezdent İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində davam etdirildiyini bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərə hərs olunmuş tədbirin əhəmiyyətini vurğulayıb. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında olan misilsiz xidmətlərindən söz açan icra başçısı illər ötsə belə onun xalq üçün etdiklərinin unudulmayacağını, əksinə daha dərindən öyrənilərək gələcək nəsillərə ötürüləcəyini bildirib. Rayon rəhbəri bu gün Ulu Öndərin aramızda olmasa belə onun yürütdüyü düzgün, dəqiq, düşünülmüş siyasətinin ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edilməsi nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, dahi şəxsiyyətin arzuladığı Azərbaycanın var olduğunun şahidi olduğumuzu qeyd edib. Bu gün iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də digər sahələrdə olan inkişafın Ulu Öndərin adı ilə bağlı olduğunu, bu inkişafın təməlində dahi şəxsiyyətin yürütdüyü dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən olduğu kimi icra edilməsinin dayandığını söyləyib. İcra başçısı qeyd edib ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində bir daha şahidi olduq ki, Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ən əsası da əldə etdiyimiz Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Bu Qələbənin müəllifi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Ən əsası isə ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

 

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, dekan müavini Mübariz Süleymanov "Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyev fenomeni” mövzusunda geniş məruzə ilə çıxış edib. Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunduğunu söyləyib.


Sonra məruzə ətrafında çıxışlar olub. YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev"Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda çıxış edərək partiya üzvləri adından tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyət haqqında səmimi ürək sözlərini çatdırıb. Müasir Azərbaycanın Ulu Öndərin şah əsəri olduğunu, onun əməllərinin, dəsti-xəttinin, hər anımızda özünü göstərdiyini, əldə etdiyimiz bütün nailiyyətlərdə əksini tapdığını qeyd edib. Dahi rəhbər, böyük xilsakar olan Ulu Öndərin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "Heydər Əliyev XX əsrin tarixi şəxsiyyətləri konteksində”, filialın Dil, ədəbiyyar və onların tədrisi metodikası kaferdasının müdiri, f.ü.f.d İradə Arıxova ”Heydər Əliyev və ana dili”, həmin kafedranın müəllimi Türkan Məmmədova "Heydər Əliyev və Azərbaycan ədəbiyyatının intibahı”, Pedaqoji fənlər kafedrasının müəllimi Gülnar Abdullayeva "Heydər Əliyev dahi və güclü lider kimi”, filialın Turizm və otelçilik ixtisasının II kurs tələbəsi Elşad Əliyev "Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış edərək dahi şəxsiyyət, müdrik insan Heydər Əliyev haqqında fikirlərini bölüşüblər. Çıxışlardadünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyevin xalqının xilaskarı kimi tarixi missiyası böyük məharətlə yerinə yetirdiyi vurğulanıb. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən dövlət adamı kimi yaddaşlara əbədi həkk olunduğu bildirilib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı müstəqil, suveren Azərbaycan hazırda Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə edən və söz sahibi olan bir dövlətdir. Çıxışlarda qazandığımız Zəfərimizin əsasında da dahi şəxsiyyət Heydər Əliyev siyasətinin təntənəsinin dayandığı, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ideyalarının bundan sonra da yaşayacağı vurğulanıb.

 

Konfransda iştirak edən Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədər "Açıq qapı” günlərinin, ekskursiyaların təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. "Açıq qapı” günlərində, ekskursiyalarda fəal iştiraklarına görə BDU-nun Qazax filialının rəhbərliyinə təşəkkürünü çatdırıb.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransa yekun vuraraq filialın kollektivinə, tələbələrə göstərdiyi diqqət və qayğıya, bugünükü tədbirdə iştirakına görə rayon rəhbərliyinə bir daha minnətdarlığını bildirib.





 


 

GOYEZEN.AZ

 



Facebook-da paylaş