• Təqvim

  • Maraq



Qazaxda mübarək Ramazan bayramı ərəfəsində dindarlarla görüş keçirilib


Aprelin 20-də Qazax Rayon İcra Hakimiyyətində mübarək Ramazan bayramı ərəfəsində dindarlarla növbəti görüş keçirilib.

Dəyirmi masa ətrafında keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın sədri Məmməd Alıyev, RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Qazax "Cüməməscidinin imamı İlham Süleymanov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, rayonda fəaliyyət göstərən icma sədrləri və dini ayinlərin icraçıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev dindarları salamlayıb, artıq ənənə halını alan görüşün məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbərliyinin adından tədbir iştirakçılarını mübarək Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Birinci müavin builki Ramazanı Prezident İlham Əliyevin siyasi qüdrəti və qətiyyəti sayəsində Zəfər çalmış qalib ölkənin xalqı olaraq qeyd etdiyimizi bildirib. Xalq olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Şuşada dövlət bayrağımızın dalğalanmasının, məscidlərin minarələrindən azan səslərinin ucalmasının, tarixi ədalətin bərpasının qürurunu yaşadığımızı vurğulayıb. Tarixi Qələbəni, bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, canını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib.


Səmimi söhbət əsasında keçən görüşdə rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi, dindarlar arasında təriqət və məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması, tolerant mühitin yaradılması, multikultural dəyərlərin qorunub saxlanılması və onlara hörmətlə yanaşılmasından söz açılıb. Qeyd olunub ki, bugünkü görüşün məqsədi "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarının öyrənilməsi məqsədilə dindarlar arasında maarifləndirici söhbətlərin təşkili sahəsində aparılan işlərin vəziyyəti, dinlə bağlı problemləri, nöqsan və çatışmazlıqları öyrənmək, onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsidir. Bu sahədə görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Görüşdə Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasından, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən də söhbət açılıb. Bildirilib ki, məhz dahi şəxsiyyətin bu sahədə gördüyü işlərin nəticəsidir ki, bu gün Azərbaycan müxətlif milli-mənəvi dəyərlərin qovuşma müstəvisinə çevrilib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Görüşdə Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlərdən, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakından və bu mərasimlərə Azərbaycanda mövcud olan dini icmaların nümayəndələrinin qatılmasından da danışılıb. Qeyd olunub ki, bu görüşlər də bir daha sübut edir ki, ölkədə artıq tolerant düşüncə tam bərqərar olub. Vurğulanıb ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətlər, dialoqlar gücləndirilməlidir. Dövlətin gücünü əhalinin tolerant olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən ölkə Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Görüşdə 29.03.2022-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən Ramazan ayı ilə əlaqədar Fətva verildiyi qeyd edilib. QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına qanunvericiliyin tələblərinə əməl edilməsinin vacib məsələrdən biri olduğu vurğlanıb. Azanların QMİ-nin təqviminə uyğun verilməsi, eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməz olduğu qeyd olunub.

Səmimi söhbət əsasında keçən görüşdə birinci müavin dindarları narahat edən məsələlərlə, rayonda din sahəsində olan mövcud vəziyyətlə də maraqlanıb, onların rəy və təkliflərini dinləyib.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Qazax "Cüməməscidinin imamı İlham Süleymanov, RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, dini icma sədrlərindən Sahilə Orucova, İslam Əliyev, dini ayinlərin icraçılarından Həmzə Qaraxanov, Zaur Rzayev, Allahverdi Nəsirov, Fazil Süleymanov, Mikayıl Qədimov və başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı üçün dualar etdiklərini qeyd ediblər. Dindarlar rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2022-ci il tarixli Sərəncamından söz açan çıxışçılar bunu dövlətin, ölkə rəhbərinin dövlət-din münasibətlərinə, din xadimlərinə olan növbəti qayğısı kimi qiymətləndiriblər. Qeyd ediblər ki, Sərəncamda da qeyd edildiyi kimi: "Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir”.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib. Sonda br daha təbriklərini çatdırıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş