• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib


Əsrin bəlasına çevrilən narkomaniya bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biri kimi bu gün də gündəmdə qalmaqdadır. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir. Ən əsası da narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır.

Qazaxda da narkomaniyanın cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyanı vətəndaşlara, xüsusilə də gənclərə, məktəblilərə çatdırmaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.

Növbəti maarifləndirici tədbir aprelin 8-də Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında "Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiya”sı tərəfindən keçirilən tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş işlərdən danışılıb. Narkomaniyanın törətdiyi fəsadlardan, narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən geniş şəkildə bəhs edilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər və kəndlər üzrə Polis sahə rəisləri, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, məktəb direktorları, rayon ziyalıları, ağsaqqalları iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, ilk gündən söylədiyim kimi, insanların təhlükəsizliyi, vətəndaşların haqqı hər zaman qorunmalıdır. Qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, "ağ ölüm”ə qarşı mübarizə tədbirlərini daha da möhkəmləndirmək və təkmilləşdirməkdir.Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən Dövlət Proqramlarından söz açan icra başçısı bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, bunun bariz nümunəsidir. Rayon rəhbəri vurğulayıb ki, bundan sonrakı fəaliyyətdə də 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarəti daha da artırmalı, narkomanlığa qarşı mübarizədə koordinasiya işini gücləndirməli, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməliyik. Həyata keçirilən tədbirlərin nəticəsini təhlil edərək qiymətləndirməli və bu istiqamətdə mütəmadi olaraq müzakirələr aparmalıyıq. Təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşımasına çalışmalıyıq. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, birlikdə mübarizə aparmalı, maarifləndirici və profilaktik tədbirlər həyata keçirməliyik. İcra başçısı bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb.

Narkomaniya ilə mübarizə sahəsində daha kəskin addımların atılacağını, bunun üçün də kimliyindən asılı olmayaraq hər kəsin bu mübarizədə dəstək olmalı olduğunu bildirib. Bütün sahələrdə, mübarizələrdə olduğu kimi, cəmiyyət olaraq əl-ələ verib narkomaniya ilə mübarizədə də qalib gəlmək üçün böyük səylə çalışmalı olduğumuzu, baş vermiş hadisələrə göz yummamağı söyləyib. Tutduğu vəzifəsindən asılı olmayaraq narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən işlərə biganə yanaşan, səhlənkarlıq və məsuliyyətsizlik edən hər kəs barəsində ciddi tədbirlər görüləcəyini bildirib.

 

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirin təşkilnə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, gənclər müstəqil Azərbaycanımızın gələcəyidir. Ümummilli Liderin gənclərə olan qayğısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu hər birimizin gözü önündə baş verir. "Dövlətimizin qayğı göstərdiyi gələcəyimiz olan gəncləri qorumaq hər birimizin borcudur”, - deyən natiq gəncləri cəmiyyətimizdə "ağ ölüm” adlandırılan narkotiklərdən qorumaq üçün hər kəsin səfərbər olmalı olduğunu qeyd edib. Əsrin bəlasına çevrilən "ağ ölüm”lə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışan A.Nəbiyev 4 mühüm Dövlət  Proqramının qəbul edildiyini, həmin proqramların uğurla icra olunduğunu diqqətə çatdırıb. Ölkə vətəndaşı olaraq həmin proqramların icrasından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi, gənclərin narkotik adlı bəladan xilas olması naminə onlara narkomaniyanın törətdiyi fəsadları çatdırmaq, bu sahədə mütəmadi olaraq məlumatlandırmaq üçün böyük səylə çalışmalı olduğumuzu bir daha vurğulayıb. Bu sahədə aparılan mübarizdə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütöv cəmiyyət olaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət və yük düşdüyünü qeyd edib. YAP Qazax Rayon Təşkilatı olaraq öz növbələrində gənclərlə bu sahədə işləri daha sıx şəkildə aparacaqlarını söyləyib. Bu gün 73 ərazi ilk partiya təşkilatında 10334 nəfərin birləşdiyini qeyd edib. Hazırda ərazi ilk partiya təşkilatının sayının 75-ə çatdığını, əsasən də fevral, mart, aprel ayında 199 nəfərin YAP sıralarına daxil olduğunu, onların böyük əksəriyyətinin gənclər təşkil etdiyini diqqətə çatdırıb. A.Nəbiyev xüsusilə də ağsaqqal öyüt-nəsihəti, el-oba qınağı, kollektiv məzəmmət, ictimai qınaq kimi təsiredici vasitələrdən istifadə etməklə hər kəsi gənclərin narkomaniya adlı bəladan uzaq durmasına, narkomaniyaya yox deməsinə dəstək olmağa, narkomaniya ilə mübarizədə fəallıq nümayiş etdirməyə səsləyib. 


Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Polis rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter aldığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. 

Polis rəisi bildirib ki, əsrin bəlasına çevrilən "ağ ölüm” zəmanəmizin ən aktual problemləridən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə, yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir. Polis rəisi bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına toplaya bildiyini vurğulayıb. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmalı olduğumuzu söyləyib. Bugünkü görüşün də əsas məqsədinin narkomaniyanın necə ağır bəla olduğunu bir daha çatdırmaq olduğunu vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gənclərin zərərli vərdişlərdən uzaq durması, sağlam həyat tərzi keçirməsi üçün bu sahədə hər bir ölkə vətəndaşının mübarizə aparmalı olduğunu, ictimai qınaq deyilən insitutun yenidən işə salınmasını olduqca vacib hal kimi qeyd edib. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu diqqətə çatdırıb. Narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söyləyib. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.

 

Qazax Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək narkomaniya ilə mübarizə aparmağın hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşların da işi olduğunu qeyd edib. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmadan cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Narkomaniya ilə mübarizədə hər kəsi hüquq-mühafizə orqanlarına dəstək olmağa çağırıb.  


Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev çıxışında qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi  və praktiki tədbirlər həyata keçirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır. Narkomanlığın yayılması və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə əhali arasında maarifləndirmə işləri gücləndirilmiş, belə xəstəliyə düçar olanlar müəyyən edilərək müalicəyə cəlb olunmuş, narkoxəssəli bitkilərin əkilib becərilməsi və yabanı bitənlərin erkən aşkarlanaraq məhv edilməsi sahəsində aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər həyata keçirilmişdir. Məhkəmə sədri sonda müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu bir daha qeyd edib.


Tədbirdə iştirak edən ağsaqqallardan Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov, Çaylı kəndindən Qəzənfər Qocayev, Cəfərli kəndindən Seyfəddin Vəliyev, Kosalar kəndindən Tariyel Nəsibov, Ağköynək kəndindən Azər Namazov, Daş Salahlı kəndindən Nemət Əliyev, Dəmirçilər kəndindən Nazim Həsənov, Orta Salahlı kəndindən Sirac Hacıyev, Aşağı Salahlı kəndindən Ayvaz Osmanov, Yuxarı Salahlı kəndindən Məhəmməd Vəkilov, Aslanbəyli kəndindən Tanrıverdi Kosayev, Birinci Şıxlı kəndindən Sadıq Balcanov, Kəmərli kəndindən Rəhim Rəhimov narkomaniya ilə mübarizə sahəsində keçirilən bugünkü tədbiri vacib və yerində keçirilən bir tədbir kimi qiymətləndiriblər. Gələcəyimiz olan gənclərin sağlamlığı və təhlükəsizliyi naminə aparılan mübarizə tədbirlərinə, bu cür tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər məktəbdə müəllimlərin, evdə valideynlərin, cəmiyyətdə ağsaqqalların, ziyalıların, hər kəsin narkomaniya ilə mübarizəyə dəstək olmalı olduqlarını vurğulayıblar. Ziyalı, ağsaqqal olaraq üzərilərinə böyük məsuliyyət düşdüyünü, gələcəyimiz olan gəncləri məhv edən narkomaniya ilə mübarizənin hər kəsin işi olduğunu söyləyiblər.

Onu da qeyd edək ki, bu gün RİH başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Aydın Hacıyev işində yol verdiyi nöqsana görə tutduğu vəzifədən azad edilib.














GOYEZEN.AZ

 



Facebook-da paylaş