• Təqvim

  • Maraq



Bu gün növbəti səyyar görüş İkinci Şıxlı kəndində keçirilib

Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Hər kəsə o da yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə də məhz vətəndaş amili, mövqeyi, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər 2 illik fasilədən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən yenidən bərpa olunub.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.


Növbəti səyyar görüş aprelin 7-də rayonun İkinci Şıxlı kəndində keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışılıb.


Kənd sakinlərini salamlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü səyyar görüşün də əsas məqsədinin hər zaman olduğu kimi, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə daim qayğı ilə yanaşıldığını bildirib.

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən söz açan icra başçısı həmin işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə ağır günlərin arxada qaldığını, bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb. 

 

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən danışan rayon rəhbəri bu gün bu Zəfərə görə xalq olaraq Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin İkinci Şıxlı kəndindən olduğunu bildirib. Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun və ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son illər rayonda, eləcə də kəndlərdə aparılan abadlıq işlərindən söz açan rayon rəhbəri bu il də işlərin geniş miqyas aldığını bildirib.


Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.

Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. Qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. İcra başçısı Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri olduğunu və Heydər Əliyev Fondu tərəfindən məktəb üçün yeni bina tikildiyini, bu il yanvarın 17-də istifadəyə verildiyini qeyd edib. Bunu Qazaxın timsalında təhsil sahəsinə olan növbəti dövlət qayğısı kimi qiymətləndirib. Buna görə Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin kollektivi və kənd sakinləri adından bir daha minnətdarlığını bildirib.

 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda təmirli olan həmin bağçalardan birinin məhz İkinci Şıxlı kəndində yerləşdiyini, digər 2 uşaq bağçasının təmirinin də nəzərdə tutulduğunu söyləyib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin başa çatdırılacağını, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

"Bu gün biz siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Telman Gülməmmədovun Gürcüstan Respublikası ərazisinə düşən dəmyə pay torpağından istifadə edə bilməməsi, Kəmalə Yusifovanın oğlunun işlə təmin olunması, İlkin Hüseynovun işlə təmin edilməsi, Məhəbbət İsmayılovanın şəhid ailəsi kimi dövlət tərəfindən tikilmiş evinə qaz və elektrik xəttinin çəkilməsi, Rəna Yusifovanın kənddə narkomaniya ilə bağlı aparılan mübarizə tədbirlərinin gücləndirilməsi, Mətanət Omarovanın yeni doğulmuş nəvəsi üçün süd pulunun verilməsinə köməklik olunması, 1 otaqlı evinin təmiri, Elman Əhmədovun dəmyə torpağının suvarma suyu ilə təmin edilməsi, Ayşa Dılışovanın akademik borcunun ödənilməsinə köməklik edilməsi, Mustafa Ömərovun yaşadığı evə yaxın ərazidə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin fəaliyyətindən narazı olması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.













 

GOYEZEN.AZ



Facebook-da paylaş