İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, müalicə alan xəstələrə və vətəndaşlara göstərilən səhiyyə xidməti ilə maraqlanıb
Bu gün ölkəmizdə bütün sahələrdə Respublika
Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
vətəndaşlara göstərilən diqqət və qayğı hər bir dövlət məmuruna nümunə
olmalıdır. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət
göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə
sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə
müəssisələrində olması, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə
maraqlanmasıdır.
Aprelin 6-da Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra
aparatının məsul işçiləri və Rayon Prokuroru Rauf Gözəlovla birlikdə Rayon
Mərkəzi Xəstəxanasında olub. Rayon rəhbərliyi səhiyyə işçiləri ilə görüşüb, xəstəxanadakı mövcud
vəziyyətlə, müalicə alan xəstələrə və vətəndaşlara
göstərilən səhiyyə xidməti ilə maraqlanıb. Xəstəxanada vətəndaşlarla görüşən icra başçısı hər zaman
olduğu kimi, bugünkü ziyarətin təməlində də ölkə Prezidentinin onlara olan
diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını
bildirib. Xəstəxanada müalicə alan xəstələrlə, onların yaxınları
ilə səmimi söhbət edən icra başçısı onların qayğılarını dinləyib, belə
görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun da
vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu bir daha diqqətə çatdırıb. Vətəndaşlar bugünkü ziyarəti dövlətin növbəti
qayğısı kimi qeyd edərək rayon rəhbərinin onların qayğıları ilə maraqlanmasını,
dinləməsini minnətdarlıqla qarşılayıblar. Sonra icra başçısı xəstəxanada çalışan şöbə müdirləri
və həkimlərlə görüşüb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan
dövlətinin səhiyyənin inkişafına böyük önəm verdiyini qeyd edib. Son illər
ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı bunun bariz
nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin
iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib.
İcra başçısı Respublika Prezidenti İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən
təxirəsalınmaz tədbirlərdən danışıb. Ölkə rəhbərinin atdığı qətiyyətli
addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə
koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində
görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini
vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına
çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili,
xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub
və bundan sonra da olacaq. Rayon rəhbəri pandemiya ilə mübarizə tədbirləri
çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı
üçün vacib mərhələ olduğunu və ümumrayon işində hər bir vətəndaşın üzərinə
böyük məsuliyyət düşdüyünü vurğulayıb. Pandemiya ilə bağlı aparılan mübarizə
tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi
şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə
üzərinə düşən işin məsuliyyətini dərk etməyi tövsiyə edib.
İcra
başçısı koronavirus infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də
uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində
olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində
görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda dayandığını söyləyib. Məhz
bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ
Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri
barədə qərar qəbul edildiyini vurğulayıb. Bütün bu uğurların əldə edilməsində
səhiyyə işçilərinin böyük əməyi olduğunu söyləyib. 44
günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra
başçısı buna görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu, Azərbaycanın adını bütün dünyaya tanıdan qəhrəman oğullarımızla hər
birimizin fəxr etdiyini vurğulayıb. Ölkə Prezidentinin də vurğuladığı
kimi, şəhid ailələrinə, sağlamlığını itirən qazilərimizə, onların ailə
üzvlərinə, hərbçilərimizə, əsgərlərimizə diqqət və qayğı göstərməyin hər bir
dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edib. Rayon rəhbəri dövlət başçısının bütün
sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya
qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi
tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə icra
olunduğunu bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd
edib. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri
tərəfindən də daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb. "Səhiyyə sahəsi xidmət sahələri arasında
öncül yerdə dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda,
istər səliqə-sahmanda, istər vətəndaşlara göstərilən səhiyyə xidmətində, istərsə
də diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan
xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu diqqətə
çatdırıb. Rayonda səhiyyə sahəsinin
inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün
yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük
səylə çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Rayon Prokuroru Rauf Gözəlov istər pandemiya, istərsə
də 44 günlük Vətən müharibəsi dövründə səhiyyə işçilərinin əməyinin danılmaz
olduğunu bildirib. Rayon Prokuroru da bütün sahələrdə olduğu kimi, səhiyyə
sahəsində hər zaman vətəndaş məmnunluğuna üstünlük verilməsini qeyd edib. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi
Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə
dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların
qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib.
Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə
doğrultmağa çalışacaqlarını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş