Hərdən bazara da getmək lazımdır...
Respublika mətbuatı Qazax
haqqında - Əgər rayon rəhbəri bazarda
qiymətlərin qalxması ilə bağlı söz-söhbəti eşidirsə və buna reaksiya vermirsə,
demək bir azdan o bazar, necə deyərlər, "od tutub yanacaq”… Hələ
3-4 il qabaq Rəcəb Babaşova "deyəsən hərdən bazara da baş çəkirsiniz, xeyir
ola?” sualıma ondan aldığım cavabla başladım bu yazını. Bilirsiniz
niyə? Çünki bir sıra yerlərdə rayon rəhbərləri bazara getməkdən sanki çəkinirlər.
"Birdən sorğu-suala tutarlar” kimi yanaşma, əksinə, bazarlarda qiymətlərin bəzən
süni şəkildə qalxmasına şərait yaradır. Amma bazara getmək lazımdır, özü də
mütləq. Axı, orada satan da sənin sakinindir, alan da, onlara bu şəraiti
yaradan da. Artıq
neçə illərdir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
vaxtaşırı şəhərdəki bazarlara baş çəkir, qiymətlərlə, satılan məhsulların
keyfiyyəti, sanitariya şəraiti ilə maraqlanır. Bazarda
qiymətlər niyə qalxsın? Bu sual Rəcəb Babaşovu həmişə düşündürüb və çalışıb ki,
səbəbini özü araşdırsın. Amma bunun üçün bazara getmək, alıcılarla,
satıcılarla, bazar rəhbərləri ilə, digər müvafiq qurumların nümayəndələri ilə
görüşmək lazımdır. Əgər bazarın yiyəsi "yer pulu” deyilən bir anlayışı öz
bildiyi kimi dərk edirsə, təbii ki, qiymətlər sabit olmayacaq. Yox, gigiyena-epidemologiya
mərkəzinin işçisi təmizliyə riayət etmək məsələsini arxa planda qoyub başqa
xoşagəlməz tələb irəli sürürsə, həm bazarda antisanitariya yaranacaq, həm də
satıcı qiymətini bir qədər də artıracaq. Hamısını sadalamırıq, çox şərtlər var
ki, bazara təsir edir. Yəni, bunlar hamısı bir-biri ilə bağlı, zəncirvari məsələlərdir... Rayon
rəhbəri bu dəfə şəhərin mərkəzində "Nazim” MMC-yə məxsus mərkəzi bazarda və
"Nərgiz” Ticarət Mərkəzində oldu, sakinlərlə səmimi söhbət etdi, qiymətlərlə
maraqlandı, öz təkliflərini və tövsiyələrini bildirdi. Rəcəb Babaşov bazarda
yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti ilə maraqlandı.
Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə indi,
pandemiyanın tüğyan etdiyi bir vaxtda, sanitariya qaydalarına ciddi əməl
olunmasının çox vacib məsələ olduğunu diqqətə çatdırdı. Bazarda sakinlərin daha
rahat şəkildə hərəkət etməsi üçün yaradılan şəraitlə tanış olan icra hakimiyyətinin
başçısı bununla bağlı bir daha aidiyyatı şəxslərə tapşırıqlarını verdi. Hiss
olunurdu ki, bazara gələnlər də, satıcılar da belə bir gözlənilməz gəlişdən
razıdırlar. Rayon rəhbərliyi tərəfindən bazara nəzarət bu ölkədə heç nəyin diqqətdən
kənarda qalmadığının daha bir bariz nümunəsidir. Rəcəb Babaşovun onun ətrafına
toplaşanlara üzünü tutub "bəzən bu "başçı” sözünü heç cür qəbul edə bilmirəm,
içi mən qarışıq, biz hamımız icraçılarıq, cənab Prezidentin tapşırıqlarını
yerinə yetirənik” deməsi isə bu söhbəti bir qədər də səmimi səmtə yönəltdi,
daha isti etdi, sakinlərin sanki ürəyindən xəbər verdi... Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 16 dekabr 2021-ci il
Facebook-da paylaş