• Təqvim

  • Maraq



Qazaxda "Zəfərin mübarək, Azərbaycanım!" adlı növbəti tədbir keçirilib


8 Noyabr - Zəfər Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlər keçirilir.

8 Noyabr - Zəfər Gününə həsr olunmuş növbəti bayram tədbiri noyabrın 5-də Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunub.

"Zəfərin mübarək, Azərbaycanım!" adlı tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində şəhidlərin şəkillərindən ibarət sərgiyə baxış keçiriblər.




Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Daha sonra Azərbaycan və Türkiyə dövlətinin sarsılmaz dostluğunu, qardaşlığını, "Bir millət, iki dövlət" olmasını əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə çıxış edənlərdən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi qazisi Namiq Alıyev, ehtiyatda olan mayor, tabor komandiri, II qrup Vətən müharibəsi qazisi Xəyyam Əliyev Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Tədbirin bədii hissəsində İlkin Hacıəliyevin, Lalə Əliyevanın, Sarif Vəliyevin, Aşıq Samir Cəlaloğlunun ifasında Azərbaycana, qazilərə, Zəfərə həsr edilmiş mahnılar səsləndirilib. Mədəniyyət Mərkəzinin "Qönçə" rəqs qrupunun ifasında "İgidlər" rəqsi ifa olunub. Ürkməzli kənd Sənətkarlıq evinin müdiri şairə Gülsənəm Cəlilova "Azərbaycanam", İsmayıl Şıxlı Kosalar kənd tam orta məktəbin təqaüdçü müəllimi Cavanşir Rüstəmov isə özünün "Şəhidlər” şeirlərini səsləndiriblər.

Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun övladı 3-cü sinif şagirdi İlkin Pənahov şəhidlərə həsr olunmuş şeir söyləyib.



 

 







 

GOYEZEN.AZ



Facebook-da paylaş