• Təqvim

  • Maraq



İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə vətəndaş amili bütün sahələrdə əsas götürülür. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” də bu dediklərimizə xidmət edir. Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət göstərilməsidir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Demək olar ki, Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.

Xəbər verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri növbəti dəfə 28 oktyabr 2021-ci il tarixdən texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin qarşısı) əhaliyə səyyar xidmətlər göstərməkdədir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Səyyar "ASAN xidmət” avtobusunun yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. "ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstərmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.

 

Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı rayon rəhbərliyinə məlumat verib ki, 26 noyabr 2021-ci il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Qeyd edib ki, 30 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.


Qrup rəhbəri avtobusun fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 779 nəfər vətəndaşdan 702 nəfərə xidmət göstərildiyini bildirib.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.

Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək.

Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN xidmət" avtobusu Qazaxda bu günə kimi 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun 2021-ci il (30 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş