Vətən müharibəsi şəhidi kiçik çavuş Sərxan Mustafayevin ildönümündə xatirəsi anılıb
2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğludur.
Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən Sərxan Mustafayevin ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Xocavəndin azad olunmasına görə” medalı anasına təqdim olunub.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Sərxan Mustafayev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən Sərxan kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir.
44 günlük Vətən müharibəsindən söz açan rayon rəhbəri xalq, vətəndaş olaraq həmin müharibədə tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib. Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Sərxan Mustafayevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, şəhid ailələrinə, qazilərə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini qeyd edib.
Şəhid atası İslam Mustafayev şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Sərxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Oğlu Sərxanla, eləcə də onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Kiçik çavuş Mustafayev Sərxan İslam oğlu
Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci il tarixdə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərindəAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş