Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət
Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən
dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü
münasibətilə ürəkdən təbrik edirəm. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci
dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı
təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət
idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran
ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual
altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı
qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba
yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi
müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra
müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə
ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri
müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik
islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı.
Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik "Əsrin müqaviləsi”ndə
iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi
mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan
cəsarətli addımlar atdı. Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin
təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında
müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi
tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış,
güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı
və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə
edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir
milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan
məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı
üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən
fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması –
Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli ordumuz döyüş
meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə
torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən
müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar
yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun
inkişafında yeni dövrün başlanğıcıdır. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha
minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Hörmətli həmvətənlər! Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin
qəbul olunması ilə bu ildən etibarən 18 Oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası
Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk
dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin
etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi
münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş
arzularımı yetirirəm. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı şəhəri,
18 oktyabr 2021-ci il
Facebook-da paylaş