Qazaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Oktyabrın
1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 103 illiyi və 1 oktyabr
- prokurorluq işçilərinin peşə bayramı günüdür.
Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 oktyabr - Prokurorluq
işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının
103 illiyi qeyd olunub.
Artıq 23 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalayıb.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax
Rayon Prokuroru Rauf Gözəlov, prokurorluq əməkdaşları, Rayon Polis Şöbəsinin rəisi
Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax
Rayon Şöbəsinin rəisi Tural Məmmədov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka
gələrək abidəsi önünə gül
dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin
ehtiramlarını bildiriblər. Ulu Öndərin adını
daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış
olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov 1 oktyabr - Prokurorluq işçilərinin
peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 103 illiyi
münasibətilə Baş Prokuror, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik
edib, ən xoş arzularını çatdırıb.
Onu qeyd
edək ki, ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti
dövründən başlayır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən
"Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiqlənib. F.Xoyski,
X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin
ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar.
Cümhuriyyətin
süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq
orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11
iyul tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə
Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. 1936-cı ilin iyulunda
Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən
çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi
fəaliyyətə başlayıb.
Azərbaycanın
müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəni bürümüş daxili
çəkişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurub. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da
fəaliyyətində yeni dövr başlanıb. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə
olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror
aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş
ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan
edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları
tərəfindən peşəkarcasına istintaq edilib, təqsirkar şəxslər layiqli cəzalarını
alıblar. Həmin dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart
dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınıb. Həmin hadisələrlə
bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup
əməkdaşı xüsusilə fərqlənib.
Müstəqil
Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və
ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna
tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu
müəyyənləşdirib. Bu statusa uyğun olaraq, "Prokurorluq haqqında” 1999-cu il 7
dekabr tarixli qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam
müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum
aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
Ulu Öndər
Heydər Əliyevin hakimiyyəti dövründə prokurorluğun fəaliyyətinin hüquqi əsasını
təşkil edən normativ aktlar, o cümlədən "Prokurorluq haqqında”, "Prokurorluq
orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluğun rəsmi emblemi haqqında”,
"Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar qəbul olunub,
"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi
qaydaları haqqında” Əsasnamə təsdiqlənib. "Azərbaycan Respublikası prokurorluq
orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr
tarixli Sərəncam Ümummilli Liderin prokurorluğa və prokurorluq işçilərinə
göstərdiyi daimi qayğının parlaq təzahürüdür.
Ümummilli
Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla
reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyev
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan
hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların
yaradılmasına yönələn siyasəti artıq bəhrəsini verib. Prezident İlham Əliyev
prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri
müəyyənləşdirərək deyib: "Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin
müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam
mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil
prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan
Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və
qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.
Dövlətimizin
başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət
gənclər siyasətinin tələblərinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun
şəffaf prosedurlar əsasında yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər
uğurla davam etdirilir.
Prezidentin
2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası
Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli
müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna
əhəmiyyətə malik addım olub. Yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə
dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun
rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli
fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş
istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin
yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların
peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin
formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun
maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin
həyata keçirilməsi ilə nəticələnib.
Dövlətimizin
başçısının yeni dövrün çağırışlarından irəli gələrək reallaşdırdığı hərtərəfli
islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında həyata keçirilən mütərəqqi
kompleks tədbirlər, məhkəmə-hüquq sisteminin yenilənməsi prosesi prokurorluq
orqanlarını da əhatə edib, bu sahədə fəaliyyətin yeni dövrün tələblərinə uyğun
təşkilinin, struktur dəyişikliklərinin və kadr islahatlarının həyata
keçirilməsinin zəruriliyini ortaya qoyub. Bu istiqamətdə xüsusilə ötən ildən
başlayaraq, reallaşdırılan kompleks tədbirlər çərçivəsində Azərbaycan
Prokurorluğunda əsaslı institusional və kadr islahatları həyata keçirilib, bir
sıra mütərəqqi addımlar atılıb. Belə ki, dövlətimizin başçısının prokurorluq
orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair
verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12-də Baş
Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiqlənib. Ötən müddətdə bu
istiqamətində səmərəli tədbirlər həyata keçirilib, sürətli yeniləşmə prosesi
aparılıb. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla
mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə
malik idarələr yaradılıb.
Həmçinin
prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən
"Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji
İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə
yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin
təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaq.
Həmçinin
cari il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni
inzibati bina kompleksinin açılışı dövlətimizin başçısının prokurorluq
orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində
təkmilləşdirilməsinə, infrastrukturunun yaxşılaşdırılmasına göstərdiyi ali diqqət
və qayğının daha bir göstəricisidir.
Prezident,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuz tərəfindən parlaq Zəfərlə nəticələnən 44 günlük Vətən
müharibəsində prokurorluq orqanları da üzərlərinə düşən vəzifələri layiqincə və
şərəflə yerinə yetiriblər. Müharibə dövründə Ermənistanın mülki əhalimizə və
mülki infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatların nəticələri
prokurorluq əməkdaşları tərəfindən müharibə şəraitində mümkün olduğu dərəcədə rəsmiləşdirilib
və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işləri başlanaraq keyfiyyətli istintaqın aparılması təmin edilib. Xüsusilə
müharibə dövründə Azərbaycan Respublikasının Baş prokuroru Ermənistan silahlı
qüvvələrinin beynəlxalq hüququn humanitar norma və prinsiplərini, müharibə
qanunlarını kobud şəkildə pozaraq mülki əhalimizə qarşı törətdiyi qanlı
cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti
beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Azərbaycan
Prokurorluğunun Vətən müharibəsi dövründə fədakar əməyini yüksək qiymətləndirən
Prezident İlham Əliyev ötən il dekabrın 31-də xidməti vəzifələrini yerinə
yetirərkən fərqləndiklərinə görə prokurorluğun bir qrup əməkdaşının təltif
edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, bir nəfər 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordeni, 19 nəfər "Vətən uğrunda”, 3 nəfər
"Tərəqqi”, 15 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə
təltif olunub.
Dövlətimizin
başçısının prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 30-da
imzaladığı Sərəncamla isə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına
ali xüsusi rütbələr verilib.
Azərbaycan
prokurorluğu çətin və şərəfli xidməti Vətən müharibəsi nəticəsində işğaldan
azad olunan ərazilərdə də uğurla davam etdirir. Bu çərçivədə işğaldan azad
edilmiş ərazilərdə yeni – Ağdam, Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları
yaradılıb. Həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərinə köçürülməsi və
yeni yaradılmış prokurorluqlar üçün lazım olan bina, avadanlıq, rabitə,
nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrin təmin edilməsi
məqsədilə tədbirlər görülüb.
Azərbaycan
Prokurorluğunun 103 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları
kimi Qələbə əhval ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz
fəaliyyətlərini yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq
standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına
xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin
təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların
hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar. Hər bir vətəndaşımız
əminliklə inanır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş
dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən Azərbaycan Prokurorluğunun
kollektivi bundan sonra da öz fəaliyyətini Prezident İlham Əliyevin müasir
tələbləri səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyimizin,
ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın
və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və
azadlıqlarının etibarlı müdafiəsinə sərf edəcək.
GOYEZEN.AZ
Facebook-da paylaş