• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 27 sentyabr - Anım Günü qeyd olunub

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü ölkəmizin hər yerində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub.

Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad ediblər.

27 sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib.

Anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.







Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.




















 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb.

İcra başçısı bildirib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var - Şəhidlik zirvəsi. Bu zirvəyə ucalmaq hər insana nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilirlər. Bu yüksəkliyə layiq olan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, tükənməz Vətən sevgisi, cəsurluq, müsbət əxlaq və böyük əqidə vardır. Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin bütövlüyü yolunda canından keçib Şəhidlik zirvəsinə yüksəlmiş mərd oğullarımızın qəhrəmanlığını zaman-zaman yüksək qiymətləndirmiş, şəhidlərin heç zaman unudulmayacağını qeyd etmişdir: "Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır”.

İcra başçısı bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İcra başçısı vurğulayıb ki, igid oğullarımız bu qəhrəmanlığı, mübarizliyi 27 sentyabr 2020-ci ildə başlayıb 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər. 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması tariximizin şanlı qürur–iftixar səhifəsidir. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu. Bütün dünya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini gördü. Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi, düşmənin belini qırdı, təcavüzkarı layiqincə cəzalandırdı. Vətən müharibəsi gedən günlərdə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkələrdə paylaşdığı "Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” sözləri ilə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı.


Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Vətən müharibəsində şanlı qələbə, tarixi Zəfər qazandı. Bu möhtəşəm Qələbə xalqımızın həmrəyliyi, milli birliyi sayəsində əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, dözümlülük və sarsılmaz birlik nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən ordu və xalq birliyi dəmir yumruğa çevrilib düşmənə sarsıdıcı zərbələr endirdi, erməni faşizminin başını əzdi. Əldə edilən bu böyük zəfər hər bir azərbaycanlının qürurunun təcəssümüdür. Bu Zəfərin baş memarı və bu Qələbənin baş qəhrəmanı isə ərazi bütövlüyümüzün bərpası ilə müstəqilliyi bir daha daimi, əbədi və dönməz edən Azərbaycanın tarixində ilk Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevdir.

İcra başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən öz vətənpərvərlikləri ilə həmişə öndə olan qazaxlı gənclər də Vətənin səsinə səs verərək könüllü surətdə torpaqlarımızın azad olunması uğrunda gedən müharibəyə yollanıb döyüş meydanında böyük qəhrəmanlıqlar göstərdilər. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından qurtarılması uğrunda gedən qanlı döyüşlərdə rayonumuzun 51 qəhrəman oğlu igidlik nümayiş etdirərək Şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə gənc isə öz sağlamlıqlarını itirdi. 

Respublika Prezidenti İlham Əliyev şəhidlər haqqında, onların ailələrinə ünvanlanan dəyərli fikirlər demişdir: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd edilir. Bu tarixi gündə şəhid ailələləri qarşısında baş əyir, Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyirəm. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlər də əbədi yaşayacaqdır. Cənab Prezidentin dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.

İcra başçısı bildirib ki, şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, ürəklərdə əbədi olaraq yaşayırlar. İllər keçəcək, gələcək nəsillər şəhidləri hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəkdir.

Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu diqqətə çatdırıb. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin bariz nümunəsi olaraq göstərib.

İcra başçısı rayonda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu qeyd edib.

 

 

Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov çıxış edərək bir qazi kimi dövlətimiz, ölkə başçısı və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizin ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi, hiss olunmasını, rayon rəhbərliyi tərəfindən davam etdirilməsini razılıq hissi ilə qarşılayıb. "Bugünkü tarixi Qələbəmizi şəhidlərimizə və qazilərimizə borcluyuq”, - deyən S.Çobanov bütün şəhidlərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov çıxış edərək 2020-ci ilin xalqımız üçün yaddaqalan bir il olduğunu, həmin ildə hərb tariximizə şanlı Qələbənin yazıldığını qeyd edib. 27 sentyabrda başlayan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da minlərlə gəncin könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına yazıldığını bildirib. Döyüş meydanında onların əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini dilə gətirib.



Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbirdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun göstərdiyi tarixi qəhrəmanlıqdan söz açıb. Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edib. Bu gün Qarabağda, Şuşada həyatın yenidən canlandığını, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə həmin torpaqlara yeni nəfəs gəldiyini, Şuşada açılan səhərlərin bu gün daha fərqli olduğunu diqqətə çatdırıb. "Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”, - deyən şair igid Vətən oğullarına həsr etdiyi şeiri ilə əziz xatirələrini ehtiramla anıb.

Şəhid ailəsi, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Kifayət Mustafayeva çıxış edərək şəhid ailəsi olaraq hər zaman dövlətin, ölkə başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin qayğısını hiss etdiyini bildirib. Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü çatdırıb. Bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını, qisaslarının alındığını qeyd edib.



Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev Anım Günündə çıxış etməyin onun üçün nə qədər çətin olsa da, bir o qədər də şərəfli olduğunu bildirib. "Bu gün bizlər övladsız qalsaq da, Vətənimiz bütöv oldu. 44 gün davam edən müharibədə xalqımızın birliyi, ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti sayəsində biz Qələbə qazandıq”, - deyən şəhid atası bu Qələbəmizin daimi, əbədi olduğunu söyləyib. "Ölkə Prezidenti hər zaman qeyd edir ki, mən hər bir şəhid ailəsinin üzvüyəm. Biz şəhid ailələri ötən bir il ərzində hər an dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin qayğısını hiss etmişik, sözdə deyilənlərin əməldə də şahidi olmuşuq”, - deyən şəhid atası onlara göstərilən qayğıya görə bütün şəhid ailələri adından minnətdarlığını bildirib.

 

Vətən müharibəsi şəhidi kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov da çıxışında şəhid ailələrinə göstərilən dövlət qayğısından razılığını bildirib. "Bizim övladlarımız torpaq alıb şəhid olublar, bu gün biz onlarla fəxr edir, qürur duyuruq”, - deyən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Vələdova, Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdiNərmin  Tatlıyeva, 9-cu sinif şagirdi Nuray Musalı, eləcə də şəhidlərimizin övladları qəhrəman oğullarımıza həsr olunmuş şeirlərlə onlara olan ehtiramlarını bildiriblər.













 

GOYEZEN.AZ


Facebook-da paylaş