Qazaxda Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının təltif olunduqları orden və medallar sahiblərinə təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Tarixi Qələbənin müəllifi isə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlıqlarını itirən qazilərimizdir. Hərb tariximizə böyük Qələbəni yazdıran Vətən müharibəsi şəhidlərinin, qazilərinin, iştirakçılarının döyüş meydanında göstərdikləri şücaət ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi, orden və medallara layiq görüldülər.
İyunun 25-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin, iştirakçılarının, o cümlədən Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlunun təltif olunduqları orden və medalların bir qismi onların ailə üzvlərinə, övladlarına və özlərinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Qazax Gənclər Mərkəzində orden və medalların təqdimetmə mərasimi olub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qaziləri, iştirakçıları, bir qrup rayon ziyalısı, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbriklərini çatdırıb. 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük zəfər qazanmış xalqın təmsilçiləri olaraq qeyd etdiyimizi bildirib. 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. Şəhidlərimizin qanı-canı bahasına uzun illər işğal altında olan torpaqlarımızı qarış-qarış düşməndən azad etdiklərini, qazilərimizin həmin torpaqlar uğunda sağlamlıqlarını itirdiklərini qeyd edib. Əsl döyüşçü kimi hərb tariximizə qəhrəmanlıq dastanı yazdıqlarını vurğulayıb. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
"Ali Baş Komandan şəhidlərimizin, qazilərimizin ailələri qarşısında baş əyirəm söyləyirsə, qayğısını onlardan əsirgəmirsə”, - deyən rayon rəhbəri qeyd edib ki, ölkə başçısının bu addımı hər birimiz üçün örnək və nümunə olmalıdır. İcra başçısı Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini qeyd edib, bu sahədə görülən məqsədyönlü işlərdən söz açıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsi istiqamətində görülmüş işləri, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını şəhidlərimizə olan hörmət və etiramın əyani göstəricisi kimi qeyd edib. Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq rayon sakinlərinin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Rayon rəhbəri Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabının, Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan ilk addımlardan biri kimi söyləyib. Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin də lövhələrinin vurulacağını diqqətə çatdırıb.
Rayon rəhbəri Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın da daim diqqət mərkəzində saxlanıldığını, dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını qeyd edib. Qazilərimizin müalicə olunmaları və normal həyata qayıtmaları üçün YAŞAT Fondu tərəfindən hərtərəfli dəstək göstərildiyini bildirib. Şəhidlərimiz kimi, qazilərimizin, müharibə iştirakçılarının da döyüş meydanında göstərdikləri şücaətin yüksək qiymətləndirildiyini, onların da orden və medallarla təltif olunduqlarını söyləyib. 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində ölkə başçısının hərbi qulluqçuların orden və medallarla təltif olunmaları haqqında imzaladığı çoxsaylı Sərəncamları şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi qeyd edib.
Rayon rəhbəri Vətən müharibəsində şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 48 nəfərin 132 orden və medallarla, 246 nəfər yaralanmış hərbi qulluqçudan 201 nəfərin 400 orden və medallarla, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlunun 1 ordenlə təltif olunduğunu diqqətə çatdırıb. Hazırda 40 nəfər Vətən müharibəsi şəhidinin və 1 nəfər Tovuz döyüşlərinin şəhidinin adına olan 1 orden, 61 medalın, 30 nəfər Vətən müharibəsi iştirakçısının adına olan 1 orden və 30 medalın gəldiyini bildirib. 24 nəfər Vətən müharibəsi iştirakçısına 1 orden və 23 medalın təqdim edildiyini söyləyib. Rayon rəhbəri 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində orden və medalların şəhid ailələrinin üzvlərinə, qazilərə, iştirakçılara təqdim olunmasını əsl bayram töhfəsi kimi qeyd edib.
Sonra icra başçısı Rəcəb Babaşov orden və medalları sahiblərinə təqdim edib. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə şəhid ailələrinə və yaralılara yüksək peşəkarlıq səviyyəsində göstərdikləri tibbi xidmətlərə görə "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimova və Qazax Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurova Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovaya isə "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı təqdim olunub.
Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Bu gün hər bir şəhid ailəsinin, qazinin hər cür qayğı ilə əhatə olunduqlarını bildirib. S.Çobanov təqdim edilən hər bir orden və medalın arxasında neçə-neçə şəhidlərimizin, qazilərimizin dayandığını qeyd edib. Ona təqdim edilən orden və medalın məsuliyyətini dərindən dərk etdiyini, Ali Baş Komandanın "İrəli!” əmrinə döyüş meydanında olduğu kimi, bundan sonra da hər zaman hazır olduğunu bildirib. Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbirdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun göstərdiyi tarixi qəhrəmanlıqdan söz açıb. Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edib. Ali Baş Komandanın atdığı hər bir addımı, görüdüyü əməli işi ilə hər birimiz üçün əsl örnək və nümunə olduğunu söyləyib. Tək şəhidlərimizin, qazilərimizin deyil, onların valideynlərinin də qəhrəman olduqlarını dilə gətirib.
"Oğlum Babək daşıdığı adı Şəhidlik zirvəsinə ucalaraq şərəflə yaşatdı. Həm özünün, həm də bizim başımızı uca etdi. Bu gün fəxr edirəm ki, igid, qəhrəman Babək Həsənovun anasıyam. Qəhrəman oğlumun təltif olunduğu medalı qəbul etmək qürurvericidir”, - deyən Gülarə Həsənova övladı ilə hər zaman qürur duyacağını bildirib. Şəhid ailəsi kimi hər zaman dövlətin qayğısını hiss etdiyini və bu qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədri Xasay Balayev bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini, şəhidlərimizin, qazilərimizin ailələrinə sahib çıxmağın hər birimizin borcu olduğunu dilə gətirib.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov çıxış edərək 2020-ci ilin xalqımız üçün yaddaqalan bir il olduğunu, həmin ildə hərb tariximizə şanlı Qələbənin yazıldığını qeyd edib. 27 sentyabrda başlayan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da minlərlə gəncin könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına yazıldığını bildirib. Döyüş meydanında onların əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini dilə gətirib.
Bakı Dövlət Universitetinin Qazax filialının direktor müavini Məmməd Yusifov şəhid ailələrinə, qazilərə olan yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü tədbirin mahiyyətinə görə əvvəlki tədbirlərdən fərqləndiyini, qürur dolu anların yaşandığı bir tədbir olduğunu söyləyib. Tədbirin təşkilində əməyi keçən insanlara razılığını ifadə edib.
Şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov da övladı ilə fəxr etdiyini bildirib. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan Amid kimi oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü vurğulayıb. "Hər insana medal verilmir. Nümunəvi xidmətlərə görə medal verilir. Bu gün neçə-neçə şəhid anası qürurlu anlar yaşayır. Çünki onların övladları nümunəvi olduqları üçün orden və medallara layiq görülüblər. Ən əsası isə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəliblər”, - deyən şəhid atası oğlu və onun kimi igid qəhrəmanlarımızla hər zaman fəxr edəcəyini bildirib. Bir şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxışında 30 il həsrətində olduğumuz bir tədbirdə iştirak etməyin onun üçün qürurverici olduğunu bildirib. Şəhidlərimizin hər birimizin qəlbində yaşadığını, ailəmizin bir üzvü olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha bütün şəhidlərimizi ehtiramla yad edib, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bildirib. Hərb tarixinə adlarını qızıl hərflərlə yazdıran qəhrəman oğullarımızla bundan sonra da fəxr edəcəyimizi qeyd edib. Şəhidlərimizin, qazilərimizin ailələrinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.
Facebook-da paylaş