Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı
möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Bakı şəhərində Vətən
müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın. 2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və
Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb
iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay
müddətində: 3.1. Vətən müharibəsi memorial kompleksi və Zəfər
muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 dekabr 2020-ci il.
Facebook-da paylaş