Necəsən, əsgər anası?
Respublika mətbuatı Qazax
haqqında Qazaxda icra hakimiyyətinin başçısı cəbhədə olan gizirin ailəsinə baş
çəkdi "Görəsən
oğlum necədir, indi hardadır, nə yeyir, nə içir, soyuq deyil ki...” Övladı cəbhədə
olan hər bir ananın bəzən gecələr sübhədək yatmayıb beynindən, qəlbindən keçən
fikirlərdir bu. Təbii hisslərdir, doğma narahatlıqdır. Oğlu ilə nəfəs alan hər
bir azərbaycanlı anasının özü arxa cəbhədə keşik çəkən bir əsgərdir... Rayonun
Yuxarı Salahlı kəndinin sakini Nəsibə Cəfərova da minlərlə belə analardan
biridir. Oğlu, gizir Xəyyam Cəfərov neçə vaxtdır cəbhədədir. Ali Baş
Komandanın hər müjdəsini böyük sevinclə, iftixar hissi il dinləsə də yenə
narahatdır. Axı,oğlu mənfur bir düşmənlə qarşılaşır. Amma ananı sevindirən, ovunduran, təsəlli
verən bizim ordunun güclü olması, onun qələbə əzmi, xalqımızın yüksək mütəşəkkilliyi
və birliyidir. ...Qapı döyüldü. Ana səksəkə içərisində yüyürüb
qapını açdı. Kandarda Rayonİcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov idi... Rayon rəhbərinin gülə-gülə, ərkyana "qonaq istəmirsiniz?”
deməsi ananın həyacanına son qoydu, "şükür” deyib tez tədarük etmək istədi. Rəcəb
Babaşov isə "heç nə etmək lazım deyil, gəlin söhbət edək, görüm nə probleminiz
var, nə çatışır, nə çatışmır...” Əyləşdilər,
doğma bacı-qardaş kimi söhbət etdilər, dərdləşdilər... Rəcəb müəllim əsgər
anasına şanlı ordumuzun qələbələrindən danışdı və bu münasibətlə onu təbrik
etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və
onun timsalında bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyini dedi.
Vətənpərvər övlad böyüdən anaya səmimi ürək sözlərini çatdıran rayon rəhbəri
verdiyi tərbiyəyə, övladında aşıladığı Vətən sevgisinə görə minnətdarlığını
çatdırdı. Rəcəb Babaşov daha sonra əsgər anasının qayğıları ilə maraqlandı, nə
kömək lazım olduğunu soruşdu. Əvəzində Nəsibə Cəfərova bir hərbçi anası kimi
övladı ilə qürur duyduğunu söylədi. Oğlunun timsalında bütün hərbçilərimizə
böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan Bayrağını tezliklə Qarabağda,
Şuşada dalğalandırmalarını arzuladı. Ana
ona göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını
bildirdi. Qeyd
edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əsgər və zabit
analarına, ailələrinə baş çəkmək təşəbbüsü olduqca təqdirəlayiq bir işdir və
inanırıq ki, bu xeyirxah, vətənpərvərlik təşəbbüsü bütün ölkəni əhatə edəcəkdir.Əsgər ailələrini bir gün də unutmaq olmaz! Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 25 oktyabr 2020-ci il
Facebook-da paylaş