Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin və bir qrup sakinin iştirakı ilə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub
Respublika
Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlətimiz
tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq, yoluxma
hallarının minimuma endirilməsi məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlərin
həyata keçirilməsi bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərindən irəli gələn
təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, ölkəmiz koronavirusla mübarizənin
birinci dalğasında uğurlu nəticələrə nail oldu. Lakin son günlər Azərbaycanda koronavirusa yoluxanların
sayında artımın müşahidə edilməsi, yoluxma və sağalma halları arasında əldə
olunmuş müsbət dinamikanın dəyişməsi, sanitar-epidemioloji durumun pisləşməsi
halları müşahidə olunmaqdadır. Bu günün statistikasına əsasən koronavirus
infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb. Burdan o qənaətə gəlmək olur
ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlu nəticələr cəmiyyətdə
vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan
və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib,
ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları
artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı
nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan
koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Bu, həyəcan
təbilidir, ciddi təhlükədir. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət
nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin
tətbiq olunmasına qərar verilib. Respublikamızın bütün bölgələrində olduğu
kimi, Qazaxda da qeyd olunan məsələnin
ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi
Dairələri üzrə nümayəndələrinin, eləcə də bir qrup şəhər və kənd sakininin
iştirakı ilə ölkəmizdə Pandemiya ilə mübarizəyə
dair son vəziyyət müzakirə olunub. Açıq havada təşkil olunmuş tədbirdə vətəndaşlarımızın, bütün cəmiyyətin
sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə dəstəyinin, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif
və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov çıxış edərək tədbir
iştirakçılarını salamlayıb, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli,
Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və Füzuli şəhərinin erməni
işğalçılarından azad edilməsi münasibətilə başda Ali Baş Komandan İlham Əliyev
olmaqla bütün Azərbaycan xalqını, eləcə də tədbir iştirakçılarını təbrik edib.
İcra başçısı ölkə Prezidentinin bugünkü şad xəbərini 18 oktyabr – Müstəqillik
Günü ərəfəsində Azərbaycan xalqına, xüsusilə də füzulilərə verilən ən böyük hədiyyə
kimi qiymətləndirib. Səmimi təbriklərini çatdıran
rayon rəhbəri bizi qarşıda daha böyük qələbələrin gözlədiyini vurğulayıb. Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması üçün görülən zəruri tədbirlərdən də danışıb. İcra başçısı
respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha
geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin
bundan sonra da davam etdiriləcəyini bildirib. İcra başçısı bu gün hər bir ölkə vətəndaşının
koronavirusla mübarizədə fəal olmaqla, xüsusi karantin rejiminin qaydalarına
ciddi şəkildə riayət etməklə COVID-19-la mübarizədə bundan sonra da uğurlu
nəticələrin əldə edilə biləcəyini vurğulayıb. Xüsusilə də bunun cəbhədə döyüşən
əsgərlərimizin sağlamlığı üçün vacib olduğunu qeyd edib. Belə bir vəziyyətdə bu
gün cəmiyyət olaraq qarşımızda duran əsas vəzifənin xüsusi karantin rejiminin
qaydalarına birmənalı şəkildə riayət etmək, maska taxmaq, sosial məsafəni və
şəxsi gigiyenanı gözləmək olduğunu bir daha diqqətə çatdırıb. Yas mərasimləri zamanı həyətlərdə qurulan mərasim
çadırlarında, xüsusilə də qəbiristanlıqlarda kütləvi şəkildə toplaşmağın istər
insanların sağlamlığı, istərsə də təhlükəsizliyi baxımından birmənalı şəkildə yolverilməz
olduğunu qeyd edib. Son günlər Tərtərdə baş vermiş hadisənin hər zaman baş verə
biləcəyini bir daha vurğulayıb. Odur ki, bu cür tədbirlərin mümkün olduğu qədər
keçirilməməsini tövsiyə edib. Koronavirusla mübarizədə hər kəsin üzərinə düşən
məsuliyyəti dərk etməli və dövlətə dəstək olmalı olduğunu bildirib.
Qazax
Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev
çıxış edərək bu gün ölkəmizdə yaşanan həssas bir vəziyyətə vətəndaşların daha
məsuliyyətli olmalarını bildirib. İstər koronavirusla mübarizə, istərsə də
təhlükəsizliyin təmin olunması sahəsində hər bir vətəndaşın öz məsuliyyətlərini
dərk edərək diqqətli olmalarını tövsiyə edib. Hər iki mübarizədə dövlətin
həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə ciddi şəkildə əməl
etmələrini qeyd edib. Ölkəmizdəki indiki vəziyyətdə, xüsusilə də hərbi
vəziyyət dövründə komendant saatının tətbiq edildiyi bir vaxtda hər kəsi daha
ayıq-sayıq olmağa çağırıb.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ
müharibəsi əlili Namiq Alıyev bugünkü şad xəbər münasibətilə təbriklərini
çatdırıb. Qarabağ müharibəsi əlillərinin, veteranlarının, bütün Azərbaycan
xalqının Ali Baş Komandan İlham Əliyevin, ordumuzun yanında olduqlarını, ətrafında sıx birləşdiklərini
dilə gətirib. Ölkə başçısının rəhbərliyi altında şanlı Ordumuzun qazandığı
qələbələri sevinc hissi ilə qarşıladıqlarını söyləyib. Bu gün orduya dəstək vermək istəyən
hər bir vətəndaşın, ilk növbədə, üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməli
olduğunu bildirib. Tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin
və dezinfeksiya tədbirlərinin hər bir vətəndaş üçün daha məsuliyyətlə
yanaşacağı amillər olduğunu qeyd edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda mübarizə tədbirlərinin vacibiyini qeyd edərək bir daha aidiyyəti
üzrə tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş















