Təhsil naziri Emin Əmrullayev Qazaxda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub
2004-cü ildən fəaliyyətə
başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və
texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata
keçirərək ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir. Öz fəaliyyətində təhsil
sahəsini, bu sahənin inkişafını prioritet götürən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun
reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə
dəstək” layihələri ölkəmizdə təhsilin inkişafında mühüm rol oynayır. Məhz bu layihələr
çərçivəsində ölkəmizin hər yerində çoxsaylı yeni məktəb binaları, körpələr
evi-uşaq bağçaları inşa olunur. Sevindirici haldır ki,
respublikamızın hər yerində olduğu kimi, Qazaxlı məktəblilər də Mehriban xanımın
diqqət və qayğısını hər an hiss edirlər. Təkcə
bu il Heydər Əliyev Fondu tərəfindən rayonda bir məktəb üçün yeni binanın
tikilməsi, digər bir məktəbin isə əsaslı şəkildə yenidən qurulması bu
dediklərimizin əyani göstəricisidir. Həmin məktəblərdən biri Sarıvəlli kənd tam
orta məktəbidir ki, bu məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa
olunur. Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri
də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, artıq həmin məktəb
Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq 15 sentyabr - Bilik
Günündə müəllim və şagirdlərin istifadəsinə verilib. Bu gün Azərbaycan
Respublikasının Təhsil naziri Emin Əmrullayev, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun
Aslanov, Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və digər qonaqlar Fond
tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olublar. Təhsil
naziri və qonaqlar əvvəlcə ulu öndər Heydər
Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini
böyük ehtiramla yad ediblər.
Sonra Təhsil naziri və
qonaqlar Kosalar kəndinə gələrək yenidən qurulan məktəbdə müəllim və şagirdlər
üçün yaradılan şəraitlə yaxından tanış olublar. Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev qonaqları rayon
rəhbərliyinin adından bir daha salamlayaraq son illər ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində
həyata keçirilən məqsədyönlü tədbirlərin Qazaxda da uğurla icra olunduğunu
bildirib. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya
tikintisinin salınmasını bunun əyani sübutu kimi qeyd edib. Qazaxda
Təhsil Nazirliyi tərəfindən daha bir məktəbin - Aydın Məmmədov adına Qaymaqlı
kənd tam orta məktəb üçün də 180 şagird yerlik yeni binanın inşa olunduğunu
diqqətə çatdırıb, Həmçinin, ölkə başçısı
tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart, daha sonra
məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik
edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il
tarixli Sərəncama əsasən məktəb-lisey üçün də yeni binanın inşa ediləcəyini
vurğulayıb. Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan yüksək dövlət
qayğısına görə qazaxlılar, ziyalılar adından ölkə başçısına və Birinci
vitse-prezidentə sonsuz təşəkkürlərini ifadə edib. Məktəbin direktoru Samir Hüseynov
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə
yenidən qurulmasını müəllim və şagirdlərin bu gün də böyük razılıq hissi ilə
qarşıladıqlarını söyləyib. Mehriban xanımın təhsil sahəsinə olan qayğısını yüksək
qiymətləndirən məktəb direktoru bütün kənd sakinləri, məktəbin müəllim-şagird
kollektivi, eləcə də valideynlər adından Mehriban xanıma və Heydər Əliyev
Fondunun əməkdaşlarına dərin minnətdarlığını bildirib. Məktəbin tikintisini
uğurla həyata keçirən şirkət rəhbərliyi başda olmaqla, tikintidə əməyi keçən,
öz işlərinin öhdəsindən layiqincə gələn bütün işçilərə sonsuz təşəkkürünü
çatdırıb. Məlumat
üçün qeyd edək ki, əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan
məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir.
Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus
isə ikimərtəbəlidir. Məktəbin
həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Kosalar kəndindən
olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada
şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Sol tərəfdə isə Xalq yazıçısı
İsmayıl Şıxlının büstü qoyulacaq. Birinci
korpusun birinci mərtəbəsində bir-birindən gözəl guşlər göz oxşayır. Sol
tərəfdə ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısını və qiymətli sözlərini
əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti
cənab İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım Əliyevanın
gələcəyimiz olan uşaqlara göstərdikləri diqqət və qayğını özündə əks etdirən
guşə yer alır. Bundan əlavə, Dövlət rəmzlərimiz haqqında məlumat lövhəsi
vurulub. Məktəbdə bu gün adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının həyat və
yaradıcılığını, yazmış olduğu əsərlərin adlarını özündə əks etdirən guşəyə də yer
ayrılıb. Birinci
mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı,
qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika
və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı
yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya
otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir.
Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq
var. İkinci
korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə
otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün
yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif
otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı,
xarici dil müəllimlərinin otağı, arxiv yerləşir. Həmçinin, məktəb binası daimi
isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın
daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Məktəbin
arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab
verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd
sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq
arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa
hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd
içməli su hovuzu, nasosxana, qazanxana və sanitar
qovşaqları da inşa edilib. Məktəbin
həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt
döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Yeni məktəbdə
608 nəfər şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim
məşğul olacaq. 20 nəfər texniki işçi çalışacaq. Sinif komplektinin sayı 27-dir.
GOYEZEN.AZ
Facebook-da paylaş