• Təqvim

  • Maraq



Qazaxda tibbi maskadan istifadə etməyən vətəndaşlara ciddi xəbərdarlıq edildi


Bütün bəşəriyyəti cənginə almış koronavirus (COVID-19) pandemiyası bu gün də acı fəsadlarını törətməkdədir. Dünyada tüğyan edən bu bəla bizim ölkəmizdən də yan keçməyib. Bu gün insanların sağlamlığının qorunması dövlət başçımızın həyata keçirdiyi siyasətin prioritetini təşkil etdiyindən bu virusun törədə biləcəyi ağır fəsadların qarşısı alınır və Azərbaycan dünya ölkələri ilə müqayisədə az itki verənlər sırasındadır. Lakin son günlər bu xəstəliyə yoluxanların sayının artmasının bir səbəbi də bəzi insanların səhlənkarlığı, laqeydliyi və qaydalara əməl etməməsidir.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə edilməsinə baxmayaraq virusa yoluxanların sayı günbəgün artır. Bunun kökündə isə bəzi insanların koronavirus pandemiyasına laqeyd yanaşması, belə bir xəstəliyin olmasına inanmaması dayanır. Həmin şəxslər sanki dünyada koronavirusdan dünyasını dəyişən insanlar haqqında məlumat eşitmir, baş verən hadisələri görmürlər. Məhz belə laqeyd insanlara görə son vaxtlar koronavirusa yoluxanların sayı sağalanların sayını kəskin üstələyib. Bunun başlıca səbəblərindən biri də tibbi maska taxanların sayının getdikcə azalmasıdır. Bu, nəticədə tibbi maska və qoruyucu vasitələrdən istifadənin hər bir vətəndaşın sağlamlığı üçün nə qədər vacib olmasını bir daha təsdiqləyir.

Ölkədə kifayət qədər tibbi maskanın olmasına, hətta maskanın ölkəmizdə istehsal olunması üçün qısa müddət ərzində Sumqayıtda tibbi maska istehsal edən fabrikin açılmasına baxmayaraq vətəndaşlar tibbi maskadan istifadə etməməyə min cür bahənə gətirirlər.

Prezident kimi fəaliyyətə başladığı ilk gündən vətəndaş amilinə böyük önəm verən ölkə başçısı İlham Əliyev açılışını etdiyi müəssisələrdə tibbi maskadan istifadə etməklə, eləcə də maska taxmağın vacibliyi haqqında dəfələrlə söylədiyi fikirlərlə hamı üçün ideal nümunə göstərdi. Dövlət başçısı tibbi maska taxmaqla bunun heç də ziyanlı olmadığını, əksinə sağlamlığımızın qorunması baxımından çox vacib olduğunu təsdiqlədi. Respublika rəhbəri bütün işlərində olduğu kimi, bu dəfə də hamıya örnək oldu. Eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tibbi maskadan istifadə edərək hər zaman ölkə vətəndaşlarını, onların sağlamlıqlarını düşündüklərini atdıqları addımlarla nümunə göstərdilər.

Bəli, bu gün tibbi maska taxmağı özlərinə ar bilənlər, müxtəlif bəhanələrlə bu qoruyucu vasitələrdən istifadə etməkdən yayınanlar dövlət başçısından nümunə götürməlidirlər. Tibbi maskalardan istifadə etməyənlər təkcə öz sağlamlıqlarını deyil, ətraflarındakı insanları da düşünməli, onları yoluxdurmalarından ehtiyat etməlidirlər.

 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da tibbi maskadan istifadənin vacibliyi hər zaman ön plana çəkilir, bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarından irəli gələn tələb və tövsiyələrə olduğu kimi riayət olunması istiqamətində məqsədyönlü işlər görülür. Bununla bağlı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır, ölkə başçısının tibbi maskadan istifadə etməsi həmişə nümunə göstərilir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin və Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovun iştirakı ilə vətəndaşlar arasında növbəti maarifləndirici söhbət aparılıb. "Qazax Avtovağzal” ASC-də tibbi maskadan istifadə etməyən sürücülərə və sərnişinlərə ciddi xəbərdarlıq edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, son günlərdə ölkədə koronavirusa yoluxma hallarının dinamikasına nəzər saldıqda xoşagəlməz mənzərə ilə rastlaşırıq. Hər gün verilən məlumatda virusa yoluxanların sayının sağalanların sayını sürətlə üstələdiyinin şahidi oluruq. Çox təəssüflər olsun ki, vətəndaşlarımız edilən bu çağırış və xəbərdarlıqlara yenə də əhəmiyyət verməyərək, məsuliyyətsiz davranışlarını davam etdirirlər.

İcra başçısı bildirib ki, hər bir vətəndaş ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışına səs verib, onlara dəstək olub, real əməllərimizlə üzləşdiyimiz problemin qarşısını almalıyıq. Hər kəs ölkə Prezidentindən, birinci xanımdan nümunə götürməli, tibbi maskadan, digər qoruyucu vasitələrdən istifadə etməli və bu bəladan xilas olmaqda dövlətin həyata keçirdiyi işlərə dəstək olmalıdır. Rayon rəhbəri qeyd edib ki, unutmamalıyıq ki, biz Prezidentimizlə birlikdə daha güclüyük və bütün bəlalara asanlıqla qalib gələ bilərik.


Qazax Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev edilən xəbərdarlıqlara məhəl qoymayan, verilən tapşırıq və tövsiyələrə əməl etməyən sürücülərin, eləcə də sərnişinlərin hər biri haqqında ciddi tədbirlər görüləcəyini qeyd edib. Sürücülərə tibbi maskadan istifadə etməyən sərnişinlərin maşına buraxılmamasını bildirib, əks halda sürücü haqqında lazımi tədbirin görüləcəyini vurğulayıb və bununla bağlı aidiyyatı şəxslərə tapşırıqlar verib.

Sonra polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maska paylanılıb.

Unutmayaq ki, hər birimizin sağlamlığı öz əlimizdədir. Biz özümüzü qorumaqla, həm də ətrafımızdakı insanları da qorumuş oluruq. Vətəndaş olaraq da hər birimizin üzərinə bir vəzifə düşür ki, bu da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməkdir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş