Qazaxda marketlərdə ərzaq məhsulları kifayət qədərdir
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bu gün də zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb.
Respublikamızda pandemiya ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz tədbirlərdən biri də vətəndaşların ərzaq məhsullarına olan tələbatlarının ödənilməsidir. Bu baxımdan istər supermarket və mağazaların, istərsə də topdansatış mərkəzlərinin ərzaq məhsulları ilə təmin olunması sahəsində də məqsədyönlü işlər görülür. Əhalinin ərzağa olan tələbatı tam təmin olunur.
Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların ərzaq məhsulları ilə təmin olunması üçün market və mağazalarda kifayət qədər ərzaq təminatı vardır.
Bu gün "Əsədoğlu” marketlər şəbəkəsinin Qazax filialında olan mövcud vəziyyət də bunu bir daha sübut edir.
Marketin inzibatçısı Əfsanə Sanıyeva hazırda "Əsədoğlu” marketdə kifayət qədər ərzaq məhsulunun olduğunu bildirib. Marketdə rəflərdə olan ərzaq məhsulu ilə yanaşı, anbarda da qida və qeyri-qida məhsulları ehtiyatının tədarük olunduğunu qeyd edib. Bundan əlavə, xüsusi karantin rejimi müddətində bütün sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl olunduğunu, ilk gündən istər satıcıların, istərsə də marketə gələn alıcıların tibbi maskadan istifadəsinə nəzarət olunduğunu vurğulayıb. Bunun üçün alıcılara marketin girişində tibbi maskalar, əlcəklər verildiyini və əllərin spirtlə dezinfeksiya olunduğunu bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş