• Təqvim

  • Maraq



Qazaxda dövlət başçısının pandemiya ilə bağlı həyata keçirdiyi tədbirlər razılıqla qarşılanır

Respublika mətbuatı Qazax haqqında


Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımız tərəfindən razılıqla qarşılanır.

Dövlət başçısının, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdikləri qərarlar, bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər, xüsusilə də "Biz birlikdə güclüyük!” çağırışı bu günlər hər birimiz üçün həyat devizinə çevrilmişdir. Məhz buna görə də respublikamızın hər yerində bu çağırışa qoşulanların sayı gündən-günə artır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Biz birlikdə güclüyük!” devizi altında keçirilən xeyriyyə aksiyaları geniş vüsət almışdır. İstər Rayon İcra Hakimiyyəti, istərsə də ayrı-ayrı vətəndaşlar həmrəylik nümayiş etdirərək qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, eləcə də rayonda məskunlaşan məcburi köçkün ailələrinə dəstək olur, onlara lazımi ərzaq məhsulları çatdırırlar.

Elə bu günlərdə Milli Məclisin deputatı Səməd Seyidovun Rayonİcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla rayonun işğal olunmuş Barxudarlı, Sofulu kəndlərindən olan məcburi köçkün ailələrinin, eləcə də Orta Salahlı kəndində qayğıya ehtiyacı olan aztəminatlı ailələrin yanında olması məhz bu birliyin əsl nümunəsidir. Görüş zamanı icra başçısı Rəcəb Babaşov ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmiş, dövlət başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinin yanında olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu günə kimi Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən ümumilikdə 5 mindən artıq aztəminatlı ailəyə dəstək olunmuş və lazımi ərzaq bağlamaları çatdırılmışdır.


Sonra Milli Məclisin deputatı Səməd Seyidov çıxış edərək demişdir ki, bu gün hər bir Azərbaycan vətəndaşının dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına səs verməsi, onların qayğıya ehtiyacı olan insanlarımıza dəstək olması bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman çətin məqamlarda yumruq kimi birləşməyi bacarır və bundan sonra da bacaracaq. Çünki ölkə vətəndaşları bu gücü, bu əzmi ölkə başçısından alır. Onun qətiyyətli addımları sayəsində bütün çətinliklərin öhdəsindən layiqincə gələ bilirik. Dövlət başçısının müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti dünyada öz gücünü, qüdrətini nümayiş etdirə bilir.

Sonra Barxudarlı kəndindən məcburi köçkün düşmüş 42 ailəyə, Sofulu kəndindən məcburi köçkün düşmüş 20 ailəyə, Orta Salahlı kəndindən 98 ailə olmaqla, ümumilikdə 160 aztəminatlı ailəyə gündəlik tələbatı ödəyəcək ərzaq məhsullarından ibarət sovqat paylanmışdır. Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən bu nəcib təşəbbüs vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.

Hər zaman beynəlxalq səviyyəli mötəbər yarışlarda, çempionatlarda və olimpiadalarda qazandığı qələbələrlə, əldə etdiyi nailiyyətlərlə ölkəmizi layiqincə təmsil edən, üçrəngli Azərbaycan bayrağını yüksəkliklərdə dalğalandıran, Dövlət himnimizi səsləndirən "Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov öz nəcib və xeyirxah əməlləri ilə də ürəkləri fəth edib. Həmişə qayğıya ehtiyacı olan insanların yanında olan F.Umudov bu dəfə də onları tək qoymayıb. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan görkəmli idman ustası hər zaman qazaxlıların, həmyerlilərinin yanında olduğunu bir daha nümayiş etdirdi. O, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqla, sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirmişdir. F.Umudov "Gənc könüllülər”lə birlikdə Qazax Rayonlararası Gözdən Əlillər Cəmiyyətinin 69 nəfər imkansız əlil üzvünə, Yuxarı Əskipara kəndindən olan məcburi köçkün olan 32 ailəyə, eləcə də 100-ə yaxın aztəminatlı rayon sakininə ərzaq məhsullarından ibarət sovqat paylamışdır.


Dövlət başçısının çağırışına qoşulan Qazax "Saloğlu” mebel fabriki də xeyriyyə aksiyasında fəallıqla iştirak edir. Müəssisənin kollektivi birlik və həmrəylik nümayiş etdirərək, məcburi köçkün və aztəminatlı ailələrin yanında olur, onlara gündəlik tələbatını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylayır. Göstərilən bu qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən sakinlər xeyriyyə aksiyalarını yüksək dəyərləndirmişlər. Belə bir çətin günlərdə onları yada salan "Saloğlu” mebel fabrikinin rəhbərliyinə təşəkkür etmişlər.

Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına qoşulanlar arasında "Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da var. Ürəyi hər zaman doğma el-obası ilə döyünən, çətin anlarda həmyerlilərinin yanında olan birliyin sədri bu dəfə də qazaxlıları tək qoymadı. O, 50 aztəminatlı ailəyə dəstək olaraq ərzaq sovqatından ibarət bağlamalar payladı.

Ümumiyyətlə, Qazax Rayon İcra Hakimiyyəti çalışır ki, bu çətin günlərdə rayon sakinlərindən heç biri göstərilən yardımdan kənarda qalmasın. Elə bu günlərdə hemodializ müalicəsi alan xəstələr, eləcə də 5 və daha çox uşağı olan ailələr də bu qayğını görmüşlər. Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri həmin insanların evlərində olmuş, onlara ərzaq yardımı çatdırmışlar. Bundan başqa, Qarabağ müharibəsi və Çernobıl əlilləri də unudulmamış, onlara da ərzaq yardımının edilməsi diqqət mərkəzində saxlanılmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun daim atəş altında olan sərhəd kəndlərində - Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərinə gələrək sakinlərin problemləri ilə maraqlanır. Koronavirus başlayandan bir neçə dəfə həmin kəndlərdə görüşlər keçirmiş, sakinlərə ərzaq sovqatları paylanmışdır. Sonuncu dəfə 516 ailə bu sovqatdan yararlanmışdır.


Rayonda ahıl çağlarını yaşayan Böyük Vətən müharibəsi iştirakçıları və uzunömürlülər də unudulmamışdır. "Gənc könüllülər”in və Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısına və 11 nəfər uzunömürlü sakinə ərzaq məhsullarından ibarət sovqat paylanmış, onlar tibbi müayinədən keçirilmişlər. Kəmərli kənd sakinləri - 113 yaşlı Səyalı Nəbiyeva və 108 yaşlı Leyli İsgəndərova, Aşağı Salahlı kənd sakinləri - 108 yaşlı Səkinə Mirzəyeva və 100 yaşlı Qəndəf Hacıyeva, Daş Salahlı kənd sakinləri - 104 yaşlı Lilpar Həsənova, 100 yaşlı Səyalı Alisgəndərova, 100 yaşlı Hava Rəhimova, 100 yaşlı Validə Vəliyeva, Çaylı kənd sakini - 104 yaşlı Qaratel Bənnayeva, Aslanbəyli kənd sakini - 102 yaşlı Xalsa İbrahimova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər.


Rayonda əhalinin ərzaq təminatı ilə yanaşı, onların koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür. Qazax Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Rayon ərazisində olan bütün yaşayış məntəqələri, eləcə də küçə və meydanlar, park və xiyabanlar, ticarət və xidmət obyektləri, çoxmənzilli binaların giriş hissəsi bir neçə dəfə dezinfeksiya edilmişdir. Hazırda bu iş davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan da təxirəsalınmaz tədbirlər həyata keçirir. Sevindirici haldır ki, dövlət başçısının bu sahədə atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün müsbət nəticələr əldə edilir. Bu nəticələrin əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Söz yox ki, onların bu vətənpərvərliyi Rayon İcra hakimiyyəti tərəfindən daim hörmət və ehtiramla qarşılanır. Tez-tez əlaqə saxlanılaraq problemlərinin həlli ilə bağlı köməkliklər göstərilir.


Bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə xəstəxanada olmuş, Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri ilə görüşmüşdür. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq martın 3-də dövlət başçısının iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını misal göstərmişdir. Qeyd etmişdir ki, ölkə rəhbəri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çətin anlarda xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet məsələ olub və bundan sonra da olacaqdır.

Görüş zamanı rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında çalışan tibb işçilərinin əməyini yüksək qiymətləndirən icra başçısı onlara minnətdarlığını bildirmişdir. Sonra karantin rejimi dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiklərinə görə şöbənin həkim və tibb işçilərinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və mükafatlar təqdim olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

02 may 2020-ci il




Facebook-da paylaş