Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda aztəminatlı ailələrə maddi və mənəvi dəstək olub
Hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycan dövləti dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirən ölkələr sırasında dayanır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən görülən işlər, verilən qərar və tapşırıqlar bir daha onu göstərir ki, Azərbaycanda vətəndaşların sağlamlığı, təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar, xüsusilə də "Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir. Vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanan bu çağırış ölkə başçısının xalqımıza qayğısının daha bir bariz nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla "Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin deputatı Ülviyyə xanım Ağayeva tərəfindən də xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilib. Fəaliyyəti dövründə hər zaman vətəndaşların yanında olan Ü.Ağayeva belə çətin məqamda da onların yanında olub.
Ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışını əldə rəhbər tutan deputat Qazax rayonunun Çaylı və Qarapapaq kəndlərində yaşayan aztəminatlı ailələrə yardım edib. Müxtəlif ərzaq məhsullarından ibarət bağlama "Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən sahiblərinə çatdırılıb.
Deputat Ü.Ağayeva ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışına səs verməklə bir daha sübut edib ki, Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır.
GOYEZEN.AZ
Facebook-da paylaş