Prezident İlham Əliyev: Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür
Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz
qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün
Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə
inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç
vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər
olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində
olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim
bizim işimizə müdaxilə edə bilməz. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir
ki, "İlham Əliyev.
İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 98-ci kitabında
yer alan bu fikirləri dövlətimizin başçısı 2019-cu il noyabrın 26-da Bakı
Dövlət Universitetinin 100 illik yubiley mərasimində söyləyib. AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu
çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin noyabr-dekabr
aylarını əhatə edir. Çoxcildliyin 98-ci kitabına Prezident İlham Əliyevin Türkiyənin Ədirnə
vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən
hissəsinin açılış mərasimindəki çıxışının mətni və bu ölkəyə işgüzar səfəri,
habelə Azərbaycana gəlmiş İordaniya Haşimilər Krallığının Kralı II Abdullah bin
Əl-Hüseyn, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşləri, eləcə də bir
sıra dövlətlərin yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi haqqında
materiallar toplanıb. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları
və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ
kimi qaldırılır ki, bu da hər cilddə öz əksini tapır. Kitabda oxucular dövlətimizin başçısının Sumqayıt şəhərinin 70 illiyinə
həsr olunmuş tədbirdə dərin məzmunlu çıxışının mətni, XXV beynəlxalq
"BakuTel-2019” sərgisində təmsil olunan müxtəlif ölkələrin nümayəndələri ilə
görüş və söhbətlərinə dair materiallarla da tanış ola bilərlər. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı "ASAN həyat”
kompleksinin açılış mərasimində çıxışının mətni, zəlzələ nəticəsində ziyan
çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılan şəraitlə tanışlığı,
Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirakı, habelə
Bakı Gəmiqayırma zavodunda inşa olunmuş ilk neft tankerinin istismara verilməsi
və "Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirakı haqqında
ətraflı məlumatlar da yeni nəşrdə yer alıb. Azərbaycan Prezidentinin Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat
dəhlizinin (TRASEKA) 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının
iştirakçılarına məktubu və digər məktublar da 98-ci kitaba daxil edilib. Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib. "Azərnəşr” tərəfindən buraxılan 98-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş