Canalı kəndində sakinlərlə səyyar görüş keçirilib
Artıq hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti
cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq şəhər və
kəndlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, onları narahat edən
məsələlərin yerindəcə həlli istiqamətində tapşırıqlar verilməsi vətəndaş
amilinin ön plana çəkilməsi, onlara göstərilən diqqət və
qayğının göstəricisidir. Bu gün rayon rəhbəri tərəfindən keçirilən növbəti
səyyar görüş Canalı kəndinin sakinləri
ilə olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə
təşkil olunan görüşdə hər zaman olduğu kimi bu gün də sakinlərin
qarşılaşdıqları problem və çatışmazlıqlar, onları narahat edən qayğılar
dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
kənd sakinlərini salamlayaraq bildirib ki, ötən il 9, bu il isə proqrama uyğun
olaraq ikinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. "Qaldırılan
məsələlər eşitmək üçün deyil, həlli istiqamətində əməli işlər görmək üçündür”,
- deyən rayon rəhbəri həmişə olduğu kimi bugünkü görüşün də vətəndaşları
narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək
operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı
təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu qeyd edib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlərə dövlət
başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları
haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə
də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident
Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb.
İcra başçısı ölkə başçısının ötən il növbəti dəfə
Prezident seçildikdən sonra vətəndaşların sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlardan söz
açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət
başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan
ən böyük diqqət və qayğı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər
ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi
islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və
verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların
kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını
söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı
imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin
Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini
bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan
rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum
pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də
digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz
artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması
istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də
ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan
ən böyük dəstək kimi qeyd edib. Rayon rəhbəri son illər respublikamızda,
eləcə də Qazaxda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü
əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai
işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin
yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə
atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə
"DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin
olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib. İcra başçısı Qazaxda istər şəhər mərkəzində,
istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC
tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən
tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə
verilməsini, "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan
qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi
qiymətləndirib. Rayon rəhbəri qeyd edib ki, hazırda
rayonumuzda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq
Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə
başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və
kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil
yolunun çəkilişləri uğurla davam etdirilir. Bütün bunlar eyni zamanda xeyli
sayda rayon sakininin işlə təmin olunması deməkdir.
2018-2019-cu tədris ilində Canalı kənd tam orta
məktəbin göstəricilərinin qənaətbəxş olduğunu qeyd edən icra başçısı məktəbi bitirən
16 nəfər şagirddən 10 nəfərin ali məktəbə sənəd qəbulunda iştirak etdiyini
bildirib. Onlardan 4 nəfərin ali, 6 nəfərin isə orta ixtisas məktəbinə daxil
olaraq tələbə adını qazandığını, eyni zamanda da 1 nəfərin 607 bal toplayaraq
yüksək nəticə göstərdiyini qeyd edib. Bu göstəricilərin bundan da yüksək
olmasını qeyd edərək məktəbin kollektivinə uğurlar arzulayıb. İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən
də söhbət açıb. Son 3 ildə rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 uşaq
bağçasından 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət
qayğısının ən bariz nümunəsi kimi göstərib. İcra
başçısı bu gün həmin təmirli bağçalardan birinin məhz Canalı kəndində olduğunu
bildirib. Ölkə
Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın gənclərə
göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il
tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında
yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin
qayğının əyani sübutu olduğunu bildirib. Gündən-günə sayı artırılan GİKM-lərinin
gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə
imkanlar açacağını vurğulayıb və gəncləri Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
imkanlarından yararlanmağa çağırıb. Rayon rəhbəri respublikamızın hər yerində olduğu kimi
Qazax rayonunda da başqa sahələrlə yanaşı kənd təsərrüfatına böyük diqqət və
qayğı göstərildiyini qeyd edib. Kənd təsərrüfatının inkişaf etdirilməsi,
məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində
son 3 ildə əkin sahələrində xeyli sayda artım olduğunu diqqətə çatdırıb. 2016-cı
ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682
hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparıldığını bildirib. İcra
başçısı ölkə prezidentinin ölkəmizdə
baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin
Qazaxda da olduğu kimi icra olunduğunu və uğurlu göstəricilərin əldə edildiyini
qeyd edib. Rayonda barama istehsalının ildən-ilə artdığını qeyd edən
rayon rəhbəri 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq, 2018-ci ildə 6260 kq,
bu il isə 7667,5 ton yaş barama tədarük olunduğunu diqqətə çatdırıb. İcra başçısı Qazax rayonunda iqtisadi
cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də
böyük önəm verildiyini, 2016-cı ildə
cəmi 10 hektarda tütün əkildiyi halda, 2017-ci ildə bu rəqəmin 50 hektara
çatdırıldığını vurğulayıb. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən
təsərrüfat sahiblərinin həmin sahələrdən 80 tondan çox məhsul götürdüyünü qeyd
edib. 2018-ci ildə isə tütünçülərin əkin sahələrini daha 10 hektar genişləndirərək
60 hektara çatdırdığını, həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş
tütünü "İlham-M” MMC-yə təhvil verdiyini bildirib. Cari ildə rayonunun Kəmərli,
Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta
Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı,
Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65
hektar sahədə tütün əkildiyini və 108,783 ton qurudulmuş tütünün "İlham-M”
MMC-yə təhvil verildiyini söyləyib. Görüşdə rayon rəhbəri Qazaxda kənd
təsərrüfatının digər sahələri kimi kartofçuluğun da ənənəvi sahələrdən biri
hesab edildiyini vurğulayıb. Qeyd edib ki, rayonda kartofçuluğun inkişaf
etdirilməsi istiqamətində nümunəvi işlərin görüldüyünü ildən-ilə artan kartof
sahələrinin hektarından, əldə edilən bol məhsuldan da aydın şəkildə görmək
olar. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük
olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılmışdır. 376 hektar artıq
sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə etmişdir.
2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə
artmışdır. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq
2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Vaxtında
və uğurla həyata keçirilən işlər nəticəsində qeyd olunan hektardan 29 min 865
ton məhsul əldə olunmuşdur. İldən-ilə kartof sahələrini artıran qazaxlı
sahibkarlar, kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə
ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara
çatdırıblar. Həmin sahədən isə 40 min ton kartof tədarük edilib. İcra başçısı "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan subartezian
quyularının qazılması kimi məsələlərdən də danışıb. Son 3 ildə rayonun əksər
kəndlərində suvarma suyunun 70 faizə kimi yaxşılaşdırıldığını bildirən icra
başçısı 2020-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularından Canalı
kəndində də qazılacağını vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi
yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu
istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri
olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP
kabelləşmə işinin başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Canalı
kəndində də həyata keçiriləcəyini, bundan əlavə, rabitə xətlərinin yenilənməsi
və yeni salınan yaşayış massivində abunəçilərə nömrələrin verilməsi sahəsində
də məqsədyönlü işlərin görüləcəyini bildirib. Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri
dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən
məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat
edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən
kənddə dayanacağın qoyulması, abunəçilərə yeni nömrələrin verilməsi və s. məsələlərlə bağlı
müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını
bildirib. GOYEZEN.AZ
Kənd sakinlərindən – Canalı kənd uşaq bağçasının müdiri Mətanət Vəliyeva, Vaqif
Qasımov, Rəna İbrahimova və başqaları çıxış edərək rayonda həyata keçirilən
genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət, eləcə də
digər sahələrə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin
minnətdarlıqlarını bildiriblər. İstər ölkə başçısı İlham Əliyev, istərsə də
rayon rəhbərliyi tərəfindən vətəndaş amilinin ön plana çəkilməsini yüksək
qiymətləndirdiklərini qeyd ediblər.
Facebook-da paylaş